ADR Partiyasının Ali Məclisi ölkəmizdəki ictimai, siyasi, sosial və digər sahələrdəki dözülməz vəziyyəti müzakirə edərək narahatlıq yaradan və həlli vacib olan aşağıda qeyd edilmiş məsələləri Azərbaycan xalqının və həll edilməsi üçün hakimiyyətin diqqətinə çatdırmağı zəruri bilir.

1) Qarabağda Azərbaycanın dövlət suverenliyinin təminatına dair.

Xalqın iradəsinə zidd olaraq 1 il 9 aydır ki, işğalçı rus ordusunun "sülhməramlı" adı altında Qarabağa yerləşdirilməsininin bədəli hər gün ödənilməkdədir. Bu dövr ərzində Qarabağda erməni silahlı birləşmələrinin fəaliyyət dairəsi və səlahiyyətləri daha da genişlənmiş, Azərbaycan və Naxçıvanı birləşdirən Zəngəzur yolunun çəkiliş istiqamətində müzakirələr nəticə verməmiş, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi sahəsində əməli addımlar atılmamış, Laçından ölkəmizin ərazisinə giriş və çıxış nəzarətə götürülməmiş, sərhəd buraxılış məntəqəsi və gömrük postları qurulmamış, Qazaxın 7 kəndində, Laçın şəhərində və rayonun 6 kəndində, Xankəndi şəhərində, Şuşa rayonunun 1 qəsəbəsində, 36 kəndində, Xocavənd şəhərində, rayonun 1 qəsəbəsində, 45 kəndində, Xocalı şəhərində, rayonun 1 qəsəbəsində, 44 kəndində, Ağdərə şəhərində və keçmiş Ağdərə rayonunun 35 kəndində Azərbaycanın dövlət suverenliyi təmin edilməmişdir. Bütün bunların mövcudluğuna baxmayaraq, ötən 1 il 9 ay ərzində Azərbaycanın hazırkı siyasi və hərbi rəhbərliyi Qarabağda ölkə suverenliyi və ərazi bütövlüyünün təminatı sahəsində prinsipial mövqe ifadə etməyib, hətta işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşması istiqamətində (Zəngilanın Ağalı kəndinə 41 ailə köçürülməsi istisna olmaqla) əhəmiyyətli heç bir addım atmamış, əksinə, həmin ərazilərdə münbit torpaqlar və təbii sərvətlər öz aralarında bölüşdürlmüşdür. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma və kənd təsərrüfatı işləri hakim ailəyə və siyasi “elitaya” məxsus şirkətlərə verilmiş, onların 1 il 9 aylıq fəaliyyətinə dair maliyyə məlumatları nə layihələr və nə də icraçılar üzrə açıqlanmamış, şəffaflıq, hesabatlıq və rəqabətli tender tələbləri pozulmaqla, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında korrupsiya üçün münbit şərait yaradılmışdır.

ADR Partiyası Ali Məclisi Ermənistan-Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını və ölkələr arasında sülh sazişinin imzalanmasını məqsədəuyğyn hesab edir, siyasi və hərbi hakimiyyətdən rus qoşunlarının Qarabağdan çıxarılmasını, Azərbaycanın sərhədlərini tam nəzarətə götürülməsini, erməni silahlılarının Azərbaycan ərzisini tərk etməsini, məcburi köçkünlərin yurdlarına qayıdışının sürətləndiirlməsini, işğaldan azad edilmiş ərazilərdə rəqabətli biznes mühitinin yaradılmasını, inhisarçılıq və korrupsiyanın aradan qaldırılmasını, biznes, infrtastruktur və təsərrüfat fəaliyyətinə dair layihələr barəsində maliyyə məlumatlarını açıqlamağı, şəffaflığı təmin etməyi, dövlət sifarişlərinin açıq tenderlərlə bölüşdürülməsini tələb edir.

2) Əhalinin iqtisadi durumu və müharibə iştirakçılarının sosial təminatına dair

ADR Partiyası Ali Məclisi bildirir ki, ölkədə xüsusilə də təhsil, səhiyyə və sosial xidmət sahəsində çalışanların əmək haqqları, gerçək yaşayış dəyərindən aşağı olan pensiyalar və sosial müavinətlər davamlı artan qiymətlər fonunda dəyərsizləşmiş, manatın alıcılıq qabliyyəti aşağı düşmüş, quru sərhədlərin iki ildən çox bağlı saxlanılmış və bütün bunların nəticəsində Azərbaycanda son 2 il ərzində xroniki işsizlik və yoxsulluq halları çoxalmış və kütləviləşmişdir. Sistemsiz aparılan əmək haqqı artımları büdcədən maliyyələşən sferada ödənilən maaşlar arasında kəskin fərq yaratmışdır. Belə ki, prokurorların, hakimlərin, deputatların məvacibləri müəllimlərin və həkimlərin maaşlarını dəfələrlə üstələmişdir. Bu situasiyada dövlətin effektiv sosial müdafiə və təminat sisteminə malik olmaması aztəminatlı təbəqələri, həssas qrupları çıxılmaz vəziyyətə salmış, ötən dövr ərzində Qarabağ müharibəsinin iştirakçısı olmuş 36 qazi əsasən maddi-mərhumiyyətlər ucbatından, eləcə də onların problemlərinə dövlət orqanlarının etinasız yanaşması səbəbindən həyatına qəsd etmişdir.

Müəllimlərin sertifikasiyası adı altında elan edilmiş imtahanlarla müstəqil fikirli təhsil işçilərinin işindən kənarlaşdırılmasına hazırlıq gedir. Bu məqsədilə planlaşdırılan proseslər də ciddi narahatlıq yaradır, şəffaflıq və hesabatlılıq standartlarına cavab vermir.

ADR Partiyası hakimiyyətdən quru sərhədlərin açılmasını, əhalinin, xüsusilə də aztəminatlıların, həsas qrupların (əlillərin, pensiyaçıların, şəhid ailələrinin, Qazilərin, müharibə iştirakçılarının) sosial müdafiə və təminatını yaxşılaşdırmaq, sağlamlığını bərpa etmək üçün effektiv sosial və tibbi sığorta siyasətinin həyata keçirilməsini, pensiya yaşına 10 ildən az qalmış müəllimlərin sertifikasiya üçün imtahanlardan azad olunmasını tələb edir.

3) Azadlıqların təminatı və represiyalara son qoyulmasına dair

44 günlük müharibədən sonra siyasi və ictimai fəallara, jurnalistlərə qarşı represiyalar daha da güclənmiş, əhalinin Konsitutsiyada təsbit olunmuş hüquqları pozulması halları kütləvi hal almış, məhkəmələrin sifarişlər əsasında ədalətsiz və qanunsuz qərarları çoxalmış, siyasi məhbusların sayı artmış, “Tərtər” işi üzrə cinayət törədən yüksək hərbi və siyasi vəzifəli şəxslər məsuliyyətdən kənarda qalmışdır.

ADR Partiyası siyasi hakimiyyətdən “Tərtərə” ədalət, məhkəmələrə müstəqillik, sərbəst toplaşma, sərbəst birləşmə, söz və mətbuat azadlığına hörmət, qanunlara riayət etməyi tələb edir. ADR Partiyası bildirir ki, 2 dəfə müraciət edilməsinə baxmayaraq partiyanın dövlət qeydiyyatına alınmaması sərbəst birləşmə hüququnun kobud şəkildə pozulmasının və qanunların işləməməsinin göstəricisi olmaqla yanaşı bu məsələyə dair ən yüksək səviyyədə verilmiş siyasi qərara əsaslanır.

"Azərbaycan Demokratiya və Rifah" (ADR) Partiyasının Qətnaməsi Partiyanın Ali Məclisinin 31 iyul 2022-ci il tarixli 5-ci sessiyasında qəbul edilmişdir.