Qardaşım 13 oktyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirildikdən sonra elə həmin gün nəticələrin ailəsinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəsmi müraciət etmişik. O vaxtdan elə bil quyuya daş atmışıq, düşüb cavab verməli şəxsin başına, yoxsa niyə səs-soraq olmasın ki?!

Müayinə nəticələri ilə bağlı bizə hətta şifahi də olsa, doğru-dürüst məlumat verən yoxdur.

Qardaşımın belindəki (onurğasındakı) problem daha da dərinləşib, əvvəllər l4 seqmentində problemlər qeydə alınmışdı. Artıq l3 və l5 disklərində də analoji sinir problemləri aşkar olunub. Problemin hansı ciddilikdə olduğunu yalnız MRT diski bizə verildikdən sonra qiymətləndirə bilərik. Dediyim kimi diskləri vermirlər. Ona görə tam məlumatsızıq, Bakı İstintaq Təcridxanasındakı Tibbi-sanitar hissənin rəisi Rəşad Hüseynli “osteoxondrozdur” deyib, bizi başından eləyir.

Şəkərlə bağlı problem isə daha da kəskinləşib. Tibb baş idarəsinin endokrinoloqu tabletka əvəzinə insulin təyin etsə də, heç nə dəyişməyib, toxluq şəkəri ən yaxşı halda 300-ə yaxın olur.

Şəkər uzun müddət yüksək olduğundan qardaşımın daxili orqanlarında, xüsusilə, gözlərində və böyrəklərində neqativ proseslərin getməsi ehtimalı bizi qorxudur.Tibb baş idarəsinin endokrinoloqu hər iki orqanın nüayinə olunması ilə bağlı tibbi göstəriş versə də, tələb olunan prosedurlar ya aparılmır, ya da başdansovdu edilir. Guya oftalmoloq gəlib qardaşımın gözlərini müayinə edib, yaxın və uzaq görməsini kustar yolla yoxlamaqla (müxtəlif ölçülü hərfləri göstərməklə) işini bitmiş sayıb. Halbuki, şəkər xəstələrinin mütləq göz dibi müayinəsi (oftalmoskopiya - gözün daxili hissəsinin tor qişası, optik sinir diski, qan damarları və periferiya ilə birlikdə olan hissənin yoxlanılması) aparılmalıdır. Böyrəklərin müayinəsindən də hər hansı xəbər yoxdur. Qanda kreatinin miqdarını yoxlamaq üçün götürülən qan anlizinin taleyindən bir həftədir xəbər yoxdur, mütləq tələb olan USM müayinəsini aparmağa isə lüzum görməyiblər.

Ürəkdəki problemlərin (aortanın anevrizması, hipertrofiya (ürək əzələsinin qalınlaşması), diastolik disfunksiya) real vəziyyətindən də məlumatsızıq. Dediyim kimi, nə təcridxanadakı Tibbi sanitar hissədən, nə də Ədliyyə Nazirliyindən bizə son KT müayinəsi barədə məlumat verilir.

Son görüşlərdən sonra məni ən çox narahat edən qardaşımda müşahidə elədiyim sinir sistemi pozğunluqlarıdır. Bu ayrıca bir problem olmaqla bərabər, yanaşı xəstəliklərin (ürək, şəkər və sair) daha da irəliləməsinə münbit şərait yaradır.

Penitensiar Xidmət Qızıl Xaçın Azərbaycan Nümayəndəliyinin həkiminin qardaşımı müayinə etməsinə icazə vermir və bununla bağlı rəsmi sorğularımıza “belə məlumatların sizə təqdim olunması qanunvericilikdə nəzərdə tutulmayıb” cavabını verib.

Qatır inadına sahib Ombudsman susur, bizdən aldığı məktubları təkrarən Ədliyyə Nazirliyinə və onun idarələrinə göndərməklə işini bitmiş sayır, təcridxanaya yolladığı ağzı qatıq kəsməyən əməkdaşları qardaşımın saxlandığı kameraya girməyə belə cəsarət etmirlər.

Qalib Toğrul (Qubad İbadoğlunun qardaşı)