Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Toplum TV-nin qəfil sualına hikkəli cavabı göstərdi ki, adam necə Azərbaycan dilinin anasını ağlada-ağlada danışırsa, elə o cür də ölkədə insan haqlarının anasını ağlar qoyub, daşıdığı vəzifənin mahiyyətindən bilmərrə xəbərsizdir, hələ hüquqdan yerli-dibli anlayışı yoxdur. “Siyasi məhbus” ifadəsinə qıcığı başa düşürəm, insan təbiətən zəif məxluqdur, vay o günə özünü güclü göstərmək istəsin,onda lap zəlil günə düşür. Dünənki görüntü bunu bir daha təsdiq elədi. Belə başa düşdüm ki, Səbinə xanım “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununu oxumayıb. Deyəsən, Səyavuş müəllim kimi onun da oxumağnan arası yoxdur.
İnsan Hüquqları üzrə Müvəkkil institutunun mahiyyətini xarakterizə edən əsas vəzifə vətəndaşların vəzifəli şəxsləri tərəfindən pozulan hüquqlarının və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınmasıdır.
SAXLANILAN ŞƏXS STATUSUNDA OLAN ŞƏXSƏ CİNAYƏTKAR DAMĞASI VURMAQ DEYİL!
Digər bir vəzifəsi işgəncənin, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qarşısını almaq məqsədilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə baş çəkməkdir.
SAXLANMA ŞƏRAİTİNİN DÖZÜLMƏZLİYİ İLƏ BAĞLI ŞİKAYƏTLƏRİ QULAQARDINA VURMAQ DEYİL!
Bir başqa vəzifəsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətdir.
İNFORMASİYA SORĞULARINA DÖVLƏT QURUMLARINDAN ALDIĞI MAHİYYƏTDƏN UZAQ, YARIM-YAMALAQ CAVABLARI TƏKRARƏN SORĞUÇUYA GÖNDƏRMƏK DEYİL!
Yeri gəlmişkən, Ombudsman müxbirin “Qubad İbadoğluna təcridxanada baş çəkmisinizmi” sualına “Başçəkmələrlə bağlı məlumatları sayta yerləşdirmişik, gedin oradan baxın” deməklə, özü informasiya sahibi olan qurumlara pis nümunə göstərdi, “İnformasiya əldə etmək haqqında” qanununun tələblərini kobud şəkildə pozdu.
Ombudsmanın əsas vəzifələri ilə bağlı bu qədər.
Bir neçə əlavə (xırda-para) vəzifələri də var ki, onlardan bəhs etmirəm, zənnimcə, elə bunları bilsə, yetərlidir, həm də birdən-birə Ombudsmanın yaddaşını çox yükləmək istəmirəm.
Axı, onun yaddaşının əsas hissəsi unutduqlarından ibarətdir!
Qalib Toğrul