Almaniya Bundestaqının deputatı Frank Schwabe-nin AŞPA-nın 24 yanvar 2024-cü il tarixli iclasındakı TARİXİ çıxışının tərcüməsini təqdim edirəm:
Çox sağ olun, cənab Prezident.
Qubad İbadoğlu professordur, Azərbaycandan olan, hamının qəbul etdiyi professordur.
O indi Drezden Texniki Universitetində professor vəzifəsində çalışmalı idi.
O öz ölkəsinin – Azərbaycanın rifahı naminə çalışmış və gələcəkdə çalışacaq etibarı qazanmış bir insandır.
Ancaq təəssüf ki, o indi həbsxanadadır. Sadəcə ona görə ki, həqiqəti deyib. Azərbaycanın siyasi sistemindəki korrupsiya ilə bağlı danışdığına görə həbsdədir.
Ancaq o tək deyil. Onların sayı 200-dən çoxdur. Mən artıq saymağı dayandırmışam. Çünki hər həftə, hər gün siyasi məhbusların sayı artır.
Qubad İbadoğlu Azərbaycandakı siyasi məhbuslardan biridir. Çox təəssüf ki, 2024-cü ildə Avropa Şurasının üzvü olan bir ölkədə siyasi məhbus var.
Azərbaycan seçkilər ərəfəsindədir, ancaq hamı seçkinin nəticəsini bilir. 7 fevral seçkiləri demokratik seçkilərin minimum meyarlarına belə cavab vermir. Bundan əvvəlki də belə idi, ondan əvvəlki də, lap əvvəlki də. Həmişə belə olub. Bu kifayət qədər problemli bir məsələdir, ancaq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirmək üçün yeganə səbəb deyil.
Biz nümayəndə heyətinin səlahiyyətlərini ona görə mübahisələndiririk ki, Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığa görə Azərbaycan nümayəndə heyəti cavabdehdir. Biz sadəcə öz işimizi görürük, bütün bunlar qaydalarla tənzimlənir.
Biz mərizəçi təyin edirik.
Biz hesabatlarla bağlı qərar qəbul edirik.
Bizə Avropa Şurasına üzv ölkəyə maneəsiz giriş lazımdır.
Biz seçkiləri müşahidə etmək üçün missiya göndərməyə borcluyuq.
Üzv ölkə isə müşahidə missiyasını dəvət etməyə borcludur.
Bu, nümayəndə heyətini parlament assambleyasına göndərən ölkənin parlamentinin öhdəliyidir!
Burada digər problemli məsələ odur ki, Azərbaycan bizi digər beynəlxalq təşkilatla – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə üz-üzə qoymağa cəhd edir. 2015-ci ildə bizi dəvət etdilər, çünki Azərbaycan korrupsiyalaşmış ölkədir və bununla bağlı əlimizdə sübutlar var. Seçkiləri müşahidə missiyasının getməsinə ATƏT icazə vermədi.
İndi onlar ATƏT-i dəvət edirlər, ancaq Avropa Şurasının seçkiləri müşahidə missiyasının gəlməsini istəmirlər. Əgər biz buna imkan versək, Pandora qutusunu açacağıq, o zaman söhbət təkcə Azərbaycandan getməyəcək.
Biz, həmçinin 45-46 üzv ölkə qarşısında məsuliyyət daşıyırıq. Ölkə qərar verəndə ki, hansı müşahidə missiyasını bəyənir, hansı təşkilatdan olan missiyanı xoşlayır, hansı məruzəçini istəyir, hansı hesabatdan xoşu gəlir və bu və ya digər variantı seçir, iş bununla bitmir. Əgər biz imkan versək ki, Azərbaycan nümunəsində bu saydıqlarım baş tutsun, o zaman belə hallar tez-tez, çox-çox baş verəcək, nəhayət bu hallara bütün üzv ölkələrdə rast gəlinəcək.
Beləliklə də, bizim Avropa Şurasının üzvü olan ölkələrdə, o cümlədən Azərbaycanda demokratik vəziyyət, insan haqları və qanunun aliliyi ilə bağlı öhdəliklərimiz var.