Bakı şəhəri 07.10.202-ci il
Putin Rusiyası Azərbaycanı öz təsir dairəsində saxlamaq məqsədilə Qarabağdakı separatçı və terrorçu qruplara da açıq şəkildə dəstək verir. Belə ki, üç dövlət başçısı tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanat-razılaşmadan sui-istifadə edərək Rusiya çoxsaylı qoşunlarını ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Qarabağ regionunda yerləşdirib. Rusiya yaranmış mövcud durumdan sui-istifadə edərək ölkəmizin dövlət suverenliyini pozmağa - Qarabağda erməni əhalinin faktiki məskunlaşdığı əraziləri Azərbaycanın yurisdiksiyasından çıxarmağa, həmçinin həmin ərazilərdə məskən salan erməni hərbi birləşmələrini dəstəkləməyə və bu amildən yararlanaraq Azərbaycanda öz təsirni və nəzarətini uzun müddətdə saxlamağa çalışır.
Bəyannamənin 4-cü maddəsində qeyd olunmasına baxmayaraq, hələ də Qarabağda erməni silahlı birləşmələri müxtəlif adlarla fəaliyyət göstərir, onlara Rusiya tərəfindən birbaşa maliyyə və hərbi yardım edilir. Bununla yanaşı rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazidə rus dili ikinci dil elan olunandan sonra ermənilərə ikili vətəndaşlıq statusu verilməsi və onlara rus pasportlarının paylanması gözlənilir ki, bu da Azərbaycanın suverenliyinə ziddir.
Bütün bu təhlükəli hallar, təbii olaraq, Ukraynaya təcavüz edən Rusiyanın işğalçı qoşunlarının təxirə salınmadan Qarabağdan çıxarılmasını, Qarabağın hələ də işğaldan azad edilməmiş ərazilərinin tam və qəti şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarılmasını və eyni zamanda ölkəmizin dövlət təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qorumaq üçün onun dost ölkələrlə hərbi-siyasi əlaqələrinin daha da sıxlaşdırılmasını, xüsusən qardaş Türkiyə Respublikası ilə hərbi-strateji ittifaqının gücləndirilməsini zəruri edir.
Odur ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası bu məsələdə bizimlə həmrəy olan çoxmilyonlu Azərbaycan vətəndaşları adından işğalçı rus qoşunlarının Qarabağdan tez bir zamanda çıxarılmasını tələb edir. Azərbaycandan çıxın, evinizə gedin!