Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransını keçirib. Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən 1-ci (təsis) konfransında Müsavat Partiyasının onlarla üzvü iştirak edib. Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı bildirib ki, həmçinin partiyadan qovulan və özü çıxan şəxslər də konfransa qatılıblar. Tədbirdə 150-dən artıq insan iştirak edib.
Qubad İbadoğlu ilk olaraq çıxış edərək bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm bir qurum olacaq. O, qadınların və gənclərin siyasətdə və sözügedən hərəkatda rolunun mühüm olduğunu vurğulayıb. Həmçinin tədbirə qonaqların, ictimai xadimlərin, ADR üzvü olmayan siyasətçilərin, Qarabağ qazilərinin, ziyalıların da qatıldığını qeyd edib və onlara təşəkkürünü bildirib. Daha sonra dövlət himni səsləndirilib. Eyni zamanda, Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra tədbir açıq elan edilib.
Ellada Məmmədli isə bildirib ki, 13 nəfər 2 dekabr 2014-cü ildə ADR-in yaranması haqqında qərar veriblər. 3 dekabrda isə qurumun bəyannaməsini elan ediblər. İlk təşkilat komitəsi isə 14 dekabrda yaradılıb. Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu seçilib. O, həmçinin təşəbbüs qruplarının yaradılmasından və ADR-ə insanların qoşulma statistikasını açıqlayıb. 35 təşəbbüs qrupunun yaradıldığını bildirən E.Məmmədli qeyd edib ki, bu qruplar respublika ərazisinin üçdə birini əhatə edir. Həmçinin, ADR-ə qoşulanlar arasında müxtəlif siyasi partiyaların üzvlərininn olduğunu diqqətə çatdırıb. Konfrans üzvlərinin sayı isə 267 nəfərdir.
Çıxış edən qonaqlar isə ADR-in vətəndaş cəmiyyətinin formalaşmasında, ölkədə demokratiyanın qurulmasında rolu olacağına inandıqlarını vurğulayıblar. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkədə siyasi partiyaların və QHT-lərin vəziyyətinin acınacaqlı olduğu bir dönəmdə, ADR-in yaranması çox vacibdir: “Boşluğu doldurmaq üçün bu təşkilatın yaradılması vacib idi”. “125-lər” Siyasi Klubunun üzvü İlhamiyyə Rza da gözəl amalla yola çıxmış hərəkata uğur arzuladığını vurğulayıb. Xəstə olduğu üçün tədbirə qatılmamış Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun isə məktubu oxunub. M.Cavadoğlu məktubunda bu gündən ADR-ə qoşulduğunu bəyan edib. Çıxış edən Müsavat Divanının sabiq üzvü Məryəm Oruclu deyib ki, ADR-in yaradılması müsbət addımdır, buna görə də hərəkata qoşulur.
Vurğun Əyyub isə təşkilatın nizamnaməsi, yığıncaqları, üzvlük, rəhbərlik, üzvlərin, müavinlərin seçimi, təyini kimi məsələlərə aydınlıq gətirib. O, bildirib ki, bir müddət sonra nizamnaməni dəyişmək və rəhbərliyi başqa şəxsə də tapşırmaq olar.
Daha sonra ADR Təşkilat Komitəsinin sədri Q.İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib. V.Əyyub qeyd edib ki, ADR-də seçkilərin gizli olması qərara alınıb: “Ancaq bu gün burada şərait olmadığından sədr seçkisi açıq səsvermə ilə keçiriləcək”. Q.İbadoğlu isə konfransı səsvermənin hər hansı formada keçirilməsi barədə qərar vermək səlahiyyəti olduğunu qeyd edib. V.Əyyub isə deyib ki, gələcəkdə Nizamnamənin açıq səsvermə ilə bağlı müddəası dəyişdirilə bilər. Onun sözlərinə görə, gizli səsvermə olarsa, bu səslərin hesablanması kifayət qədər çox vaxt aparacaq, bunun üçün isə hazırda şərait yoxdur.
Daha sonra ADR-in sədrinin seçilməsi prosesi başlanıb. Bir neçə nəfərin namizəd kimi adı çəkilsə də, onlar ya namizədliklərini geri götürüblər, yaxud da namizədlikdən imtina ediblər. Nəticədə Qubad İbadoğlu ADR-in sədri seçilib. O, sədarət adından təbrik edilib. Həmçinin, ADR-in Ali Məclisinə 35 nəfər seçilib.
Sonda ADR sədri Qubad İbadoğlu çıxış edərək ADR üzvlərinə bu birliyi davam etdirməyi arzu edib. O bildirib ki, hərəkatın dəyərli üzvləri var: “İstəyərdim ki, hərəkatın hər bir üzvünün etdiklərini yüksək qiymətləndirirəm. Hansı tarixi məsuliyyəti üzərimizə götürdüyümüzü də müzakirə etmişik. ADR-nin yaranması ölkənin ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verən bir müddəti əhatə etdi. Ölkənin gələcəyini xilas etmək üçün sağlam, saf, dürüst adamların birliyinə ehtiyac var. Bu zərurətdən biz bu hərəkatı təşkil etdik. Mübarizəni intellektual müstəvidə aparacağıq”. Q.İbadoğlunun sözlərinə görə, onlar üçün milli maraqlar hər şeydən üstündür. O, həmçinin bildirib ki, 2015-i ildə ADR-in iki hədəfi var, təşkilatlanma və şəbəkələnmə. “Biz məfkurə uğrunda mübarizə aparırıq. Bu, müsavatçılıqdır”.