Yeni – maliyyə əsaslı ittihamın verilməsi üçün İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin fəaliyyətinin “araşdırılmasına” başlanılıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri kimi bildirirəm ki, ictimai birliyin 2014-cü ildən sonra hər hansı fəaliyyəti olmayıb. 2014-cü ilə qədərki fəaliyyət isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən 2015-2016-cı illərdə araşdırılıb. Bu idarə artıq yoxdur, 2020-ci ildə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ilə birləşdirilərək iki idarənin bazasında Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.
Qeyd edim ki, 2015-ci ildə cinayət işi təkcə İqtisadi Tədqiqatlar Mərkəzinə qaldırılmamışdı, QHT-lərlə bağlı ümumi bir cinayət işi idi, sırf siyasi xarakter daşıyırdı.
Cinayət işi çərçivəsində ofisimizdəki bütün maliyyə sənədləri (130 qovluq!) götürülərək Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin dəvət etdiyi Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılıb. Yekunda hər hansı vergidən və məcburi ödənişdən yayınma ilə bağlı faktın aşkar olunmaması ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşları bizim iştirakımızla akt da tərtib ediblər.
O vaxt bizə qrantların Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaması bəhanəsi ilə ƏDV-dən yayınma ilə bağlı 130 900 manat 79 qəpiklik vergi ittihamı verilmişdi. Mən İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi bütün qrantların dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədləri idarəyə təqdim etdikdən sonra müvafiq ekspertiza təyin olundu və barəmizdəki cinayət işi dayandırıldı. Xitamla bağlı bütün əsaslar olduğu halda cinayət işinə xitam verilmədi, məhz dayandırıldı. Bəhanələri də o oldu ki, bu cinayət işi tək sizinlə bağlı deyil, ümumi QHT işidir. Ancaq indi belə məlum olur ki, məhz belə günlərdə işi yenidən qaldırmaq, necə deyərlər, ölünü diriltmək üçün xitam verməyiblər.
Bu gün də Baş Prokurorluğun vaxtilə Maliyyə Nazirliyi ilə birgə yoxladığı maliyyə sənədlərini yenidən araşdırmaq və onun əsasında ittiham verməyə cəhd etmək absurddur. O sənədləri ələk-vələk edən Prokurorluq əksər qovluqdakı sənədlərin bəzilərini geri qaytarmamışdı və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin baş müstəntiqi Mehdi Mehdiyevə bu barədə iradımı bildirəndə gülmüşdü, “O sənədlər daha heç kimə lazım deyil, apar yandır”, demişdi.
O vaxt canı-dildən ələk-vələk edib qanun pozuntusu tapmadıqları, Mehdi Mehdiyevin təbirincə desək, “heç kimə lazım olmayan, yandırılmalı sənədlər” əsasında bu gün yeni ittiham verməyə hazırlaşırlar.
Qalib Toğrul