Mətləbə (suallara) keçməmişdən öncə Celal Şengörün “Dahi diktator” kitabından kiçik, amma mühüm bir hissəni təqdim edirəm. Səbrinizi basıb, bunu oxuyun, sonra sözümün canını deyəcəm:

“Almaniyada faşistlər hakimiyyətə gəlir. Yəhudiləri, sosial-demokratları, sosialistləri, kommunistləri və homoseksualları universitetlərdən qovurlar. Birdən-birə Almaniyada çox dəyərli bir qrup işsiz qalır. İşsiz qalan professorlar üçün dünyanın müxtəlif ölkələrində iş tapmaq məqsədilə professor Philip Schwartz İsveçrədə bir təşkilat yaradır. Türkiyənin belə alimlərə ehtiyacı olduğunu öyrəndikdən sonra Atatrükə müraciət edir. Atatürk, “Öz sahəsində ən güclü olanları istəyirəm”, deyir və professor Schwartz bir müddət sonra konkret siyahı ilə onun yanına gəlir.

Burada diş həkimi ilə bağlı çox maraqlı bir hadisə olur. Atatürk görür ki, ona təqdim edilən siyahıda diş həkimlərinin siyahısnda birinci yerdə yazılan Alfred Kantorowicz’in üstündən xətt çəkilib. Səbəbini soruşur. Schwartz, “Əfəndim, bu adam diş həkimliyi sahəsində dünyanın ən yaxşısıdır. Ancaq təəssüf ki, sosial-demokrat olduğundan hazırda Lichtenburg konslagerindədir (toplama düşərgəsindədir), onu gətirə bilmərik. Reyx hökuməti onu bizə verməz. Ona görə də sizə siyahıdakı - bu sahədə ikinci olan şəxsi tövsiyə edirəm”, deyir.

Cavabında Atatrük “Bu işi mən həll edərəm” mənası verən bir cümlə söyləyir və dəhral Almaniyaya bir məktub göndərib, profesör Kantorowicz-i istədiklərini bildirir. Məktuba 2 ay cavab gəlmir. Əlacsız qalan Schwartz təkrar köhnə siyahı ilə Atatürkün yanına gəlir: “Zati-aliləri, mən sizə dedim, onu bizə verməzlər. İcazə verin, siyahıdakı ikinci şəxslə əlaqə yaradım”. Atatürk “Xeyr”, deyir. Xarici işlər naziri Tevfik Rüştü Arası yanına çağırtdırır: “Elə indi Reyx hökumətinə nota ver. Bilək ki, məktubumuza 2 ay cavab verilməməsi Türkiyə Cümhuriyyətinə qarşı birəkdən edilmiş bir təhqirdirmi?”

Notadan 48 saat sonra azadlığa buraxılan Professor Kantoroviç İstanbula gəlir. Kantorowicz gəlir və Türkiyədə diş həkimliyinin qurucusu olur. Kantorowicz Türkiyədə stomatologiyanın təməlini qoyduqdan sonra İran şahının dişi ilə bağlı problem olur, protez qoyulması lazım gəlir, amma İranda bunu bacaran həkim tapılmır. Bundan necəsə xəbər tutan Atatürk şaha “Dünyanın ən yaxşı diş həkimi bizim ölkədədir, əgər razı olsanız, sizi məmləkətimizdə qarşılamaqdan məmnun olarıq”, xəbərini göndərir və şahı Türkiyəyə dəvət edir. Şah Türkiyəyə rəsmi səfərə gəlir, Atatürkün qonağı olur. Şah üçün Dolmabahçe Sarayında xüsusi bir müayinə otağı yaradılır, Kantorowicz şahı müayinə edir və protez düzəldir, şah çox məmnun qalır. Beləliklə, Atatürk qonşusuna mesaj verir: “Axtardığın şeylərin ən yaxşısı mənim ölkəmdədir.”

Schwartz-ın Türkiyəyə gətirdiyi alimlər arasında öz sahəsində cığır açmış adlar var. Riyaziyyatda Richard von Mises, fəlsəfədə Hans Reichenbach və Ernst von Aster, yunan ədəbiyyatı və fəlsəfəsi tarixində Walter Kranz, Tibbdə Frank, zoologiyda Manyas Quş Cənnətini (hazırda Balıkesirdə milli parkdır –red.) keşfeden Curt Kosswig, botanikada Alfred Heilbronn, tətbiqi fizikiada Kurt Zuber, şərqşünaslığın nəhəngi Hellmut Ritter… Belə bir deyim də var: İkinci Dünya Müharibəsi illərində ən yaxşı alman universiteti İstanbul Üniversiteti idi…”

Kitabdan bu kiçik hissəni təqdim etməkdə məqsədim var.

Azərbaycanda Qubad İbadoğlu kimi zəngin pedaqoji təcrübəyə, aparıcı qərb ölkələrinin akademik dairələrində böyük nüfuza sahib ikinci bir azərbaycanlı alim varmı?

Varşava İqtisad Məktəbində, Mərkəzi Avropa Universitetində, ABŞ-ın 4 böyük universitetində - Şimali Karolina, Dyuk, Prinston və Ratgers universitetlərində, Böyük Britaniyanın iki nüfuzlu universitetindən birində - London İqtisad Məktəbində çalışmış, hazırda Drezden Texniki Universitetinin səbrsizliklə yolunu gözlədiyi ikinci bir azərbaycanlı alim tanıyırsınızmı?

Tanımırsınız, çünki belə bir adam yoxdur!

O zaman nədən mənim ürəyi Vətən eşqi ilə döyənən, heç vaxt Vətəndən kənarda yaşamağa könlü razı olmayan, Qarabağın işğalı illərində bütün beynəlxlaq platformalarda ermənilərlə mübarizə aparan, 44 günlük müharibə dövründə bütün təhdid və hədələrə baxmayaraq ABŞ-da haqq işimizi müdafiə edən, hətta gərgin iş rejimində vaxt tapıb bu mövzuda ingiliscə kitab belə yazan, ABŞ rəhbərliyinə - Prezident Cozef Baydenə, Senatın prezidenti Kamilla Harissə, Nümayəndələr Palatasının spikeri Nensy Pelosiyə və Dövlət Katibi Antony Blinkenə müraciət edərək Azərbaycana qarşı imzalanmış 907-ci düzəlişin ləğvini tələb edən, ermənilərin kənd təsərrüfatımıza vurduğu ziyanı hesablamaq üçün beynəlxlaq ekspert qrupu fotmalaşdırıb qiymətləndirməyə nail olan qardaşım niyə həbsxanalarda çürüdülür?

Niyə bu xarabada onun zəngin bilik, bacarıq və təcrübəsindən istifadə etmək əvəzinə saxta ittihamlarla həbsxanada ölümə məhkum edirlər?

Bəlkə siz bu suallarıın cavabını bilirsiniz?

Qalib Toğrul

May be an image of 1 person and text that says "148.9 71.2 52.9 3425 2766.6 321 1757.6 3160 20406 12.2 12180 616 500.0 110 13.8 2059 1000 go e Thou ÖLDÜRMA, AZAD ET!"