Aprelin 15-də Drezden Texniki Universitetində 9 aya yaxındır ki, Azərbaycanda qurama ittihamlarla həbsdə saxlanılan professor Qubad İbadoğlunun müdafiəsi ilə bağlı “Akademik azadlıq, insan hüquqları və siyasi reallıq” mövzusunda müzakirə keçirilib.
Drezden şəhərində nəşr olunan www.saechsische.de nəşri tədbirlə bağlı xüsusi məqalə dərc edib. Məqalədən bəzi hissəsləri təqdim edirəm:
Qubad İbadoğlu 260 gündən artıqdır ki, Azərbaycanda həbsxanada saxlanılır. Ancaq o, bu müddətdə Drezden Texniki Universitetində tədqiqatla məşğul olmalı idi. Professorun qızı təqib və təzyiqlərə baxmayaraq atasının azadlığı uğrunda mübarizə aparır və ümidini itirməyib.
Azərbaycan hökuməti Qubad İbadoğlunu saxta pulların alqı-satqısında və hazırlanmasında ittiham edir. “Amnesty International” təşkilatının yazdığına görə onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Qubad İbadoğlu Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır və uzun illərdir ki, ölkədə çirkli pulların yuyulması və korrupsiya faktlarını araşdırır.
Vəkillərinin dediyinə görə, professorun sağlamlığı ilə bağlı ciddi problemləri (şəkərli diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və sair) var, ona dərmanları müntəzəm qəbul etməyə imkan vermirlər. Bütün bunları professorun 4 vəkili hesabatlarında göstəriblər. “Amnesty International” və digər nüfuzlu insan hüquqları təşkilatları artıq neçə aydır ki, professorun azad olunmasına çağırış edirlər. Hətta Avropa Parlamenti ittihamları qurama adlandırıb və Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edib.
“...Mən atamın həyatına görə məsuliyyət daşıyıram”, Jalə belə deyir. O və iki qardaşı atalarına kömək etmək üçün aylardır inssan hüquqalrı təşkilatları və siyasətçilərlə kommunikasiya qururlar. Jalə ötən həftə Drezdnə gəlib. Gəlib ki, atasının taleyindən danışsın. Jalənin çıxış edəcəyi bina Qubad İbadoğlunun tədris və tədqiqatla məşğul olacağı Drezden Texniki Universitetinin binasıdır.
Tədbirdə Bundestaqın deputatı Kassem Taher Saleh (Yaşıllar Partiyası) və Universitetin iqtisadçı professoru Marcel Thum da iştirak edəcəklər. Kassem Taher Saleh bir neçə aydır ki, bu məsələ ilə məşğul olur, Azərbaycanın Almaniyadakı səfirinə məktub yazıb və onunla danışıb: “Ancaq səfir artıq bu mövzuda danışmaq istəmir”.
Almaniyanın xarici işlər naziri Annalena Baerbock Azərbaycan Prezidenti ilə Qubad İbadoğlunun azadlığa çıxması üçün danışıqlar aparıb, ancaq təəssüf ki, bir şey alınmayıb.
Saleh deyir ki, biz diplomatik təzyiqi davam etdirəcəyik, zəiflətməyəcəyik. Onun ümidi noyabrın əvvəlində Bakıda keçiriləcək COP29 konfransınadır. Tədbirin ev sahibi kimi hazırda İlham Əliyev ciddi ictimai təzyiq altındadır.
Jalə də hesab edir ki, Almanya və bütün Avropa Azərbaycanın mühüm iqtisadi tərəfdaşı olduqlarınndan bütün növ danışıqlarda Qubad İbadoğlunun azadlığı tələbini qoya bilərlər.
Məqaləni tam şəkildə şəhrdəki linkdən oxuya bilərsiniz.
Qalıb Toğrul