Bura instrumental müayinə (USM (ultrasəs müayinə), Dopler USM, EXO-KQ, EKQ və sair) və analizlər daxildir. İlkin nəticələr içərisində ürəkaçanları da var, bizi narahat edənləri də. Yaxşılardan başlayıram ki, sonda hər şey yaxşı olsun. Şükür ki, qaraciyər, dalaq və böyrəklərdə ciddi problemlər yoxdur, mütəmadı xolestrin əleyhinə dərman qəbul etdiyindən ümumi xolesterini, HDL, LDL normaldır. Qaraciyərin ölçülərində böyümə var, o da inşallah müalicə ilə keçəcək.
Bizi ən çox narahat edən ürək oldu. Yadınızdadırsa, əvvəllər bir neçə dəfə yazmışdım ki, Qubad müəllim həbs olunmamışdan öncə Londonda keçdiyi müayinələrin nəticələrinə görə, ürəyində aortanın kökünün diametri 37 mm olub. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin qərarı ilə ötən ilin oktyabrında qardaşımın döş qəfəsini Mərkəzi Klinik xəstəxanada KT-dən keçirmişdilər və nəticədə yazmışdılar ki, ürəkdə aortann anevrizaması yoxdur, mülayim genişlənmə var, çünki aortanın kökü 44 mm, qalxan aorta isə 41 mm-dir. Dünənki EXO-KQ nəticələrinə görə isə, həm aortanın kökündə, həm də qalxan hissəsində damarın diametri 50 mm-dir (!). Tibbi göstərişlərə görə, böyümə 52 mm-i ötərsə, cərrahi müdaxilə tələb olunur. Bu xəstəlikdə reqres (bərpa, geri dönüş) yoxdur, ona görə də tibbi tədbirlər zamanı məqsəd proqresin qarşısını almaqdır. Belə görünür ki, təcridxanada olduğu müddətdə ya aparılan müayinələrin nəticələri həqiqəti əks etdirməyib, ya da yüksək qan təzyiqi və stres səbəbindən aorta sürətlə genişlənib.
Digər əsas problem şəkərlə diabetlə bağlıdır. Dünənki qan analizlərinə görə, aclıq qlükozası (qanda) 164.2 mg/dl, qlikohemoqlabin (3 aylıq orta şəkər) 9% (240 mg/dl) oldu. Hər iki göstərici kifayət qədər yüksəkdir. Ümid edirik ki, gəzinti, təmiz hava və stresdən uzaq sakit mühit hesabına şəkəri tezliklə normallaşdıra biləcəyik. Şəkərin yüksək olması səbəbindən həkimlər ayaq dırnağındakı qaralma ilə bağlı hər hansı müdaxiləni məqbul hesab etmədilər, hələki müşahidə altında saxlamağa qərar verdilər.
Qalxanabənzər vəzdəki düyünün müayinəsinin nəticəsi “intranodulyar vaskulyarizasiyalı və d=3.3mm ölçüdə kalsinatı olan düyün izlənilir, FNA məsləhət görülür” oldu. Bu nəticənin sadə şəkildə açması belədir ki, düyün toxumalarının qan təchizatı güclüdür (düyünün böyümək ehtimalı var), kalsinatlar endokrin xəstəliklərdən əziyyət çəkənlərdə olur və adətən, hər hansı simptom, ağrı vermədən inkişaf edir, sonda ciddi hormonal pozuntilara səbəb olur. Hələki, qan analizlərinə görə, hormonlarda kənarlaşma yoxdur. Ancaq düyünün bədxassəli və ya xoşxassəli olmasını müəyyənləşdirmək üçün biopsiya məsləhət görülür.
Və nəhayət, prostat vəzinin ölçüləri artıb: (uzunluq – 40 mm (N 35 mm), eni – 48 mm (N 45 mm), qalınlığı – 49 mm (N 35 mm), həcmi – 49 sm3 (N 30 sm3). Mötərizədə təqdim etdiyim göstəricilər normanı göstərir. Maraqlıdır ki, qardaşım təcridxanda prostatla bağlı 2 kurs müalicə (“Tamsulosin”) alsa da, böyümə dayanmayıb. Güman edirik ki, bu hərəkətsizliyin nəticəsidir, müntəzəm gəzintilərdən sonra təbii şəkildə aradan qalxacaq.
Dünən vaxt azlığından göz dibini (torlu qişanı) müayinə etdirə bilmədik, bu gün inşallah göz müayinəsi ilə diaqnostika mərhələsini yekunlaşdırıb, müalicələrə başlayacağıq. Qardaşımın sağlamlığının tam şəkildə bərpası üçün həkimlər ona müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlmək tövsiyə edirlər. Ümid edirəm ki, hamı (qohumlar, dostlar, tanışlar) həkimlərin bu tövsiyəsini anlayışla qarşılayıb, ona əməl edəcəklər.
Qalib Toğrul