Beynəlxalq Valyuta Fondu (BVF) dünya miqyasında tanınmış azərbaycanlı iqtisadçı, 9 aylıq həbsdən sonra polis nəzarətində olan Qubad İbadoğlunu sentyabrın 10-11-də keçiriləcək məsləhətləşmələr üçün Vaşinqtona, Fondun baş ofisinə dəvət edib.

Dəvət məktubunda yazılır: “Bu günədək olan fəaliyyətinizi nəzərə alaraq Sizi ölkənizdə iqtisadiyyatın hazırkı durumunu daha yaxşı başa düşmək üçün dəvət edirik. Səfər çərçivəsində Fondun rəhbər və işçi heyəti ilə görüşləriniz nəzərdə tutulub. Biz sizinlə qlobal və regional iqtisadi məsələlər və gələcək dövrdə birlikdə daha yaxşı işləmək üçün fikir mübadiləsini səbrsizliklə gözləyirik”.

Yüksək səviyyəli dəvətə baxmayaraq Qubad İbadoğlunun Vaşinqton səfərinin baş tutması sual altındadır. Çünki hazırda qardaşımın nəinki Azərbaycandan çıxışına qadağa qoyulub, hətta ölkədaxili hərəkəti üçün də məhdudiyyətlər (qeydiyyatda olduğu yaşayış yerindən başqa yerə getməklə bağlı polisin razılığının alınması, həftənin 2 günü polis bölməsinə gedib imza atmaq və sair) müəyyənləşdirilib. Məhz elə bu səbəblərdən qardaşım dünən başqa bir tədbirdə - qərargahı Vaşinqtonda yerləşən Dünya Demokratiya Hərəkatının Rəhbər Komitəsinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən iclasında iştirak edə bilmədi.

Yeri gəlmişkən, 1 gün öncə Avropa İttifaqının xarici əlaqələr xidməti Azərbaycan hakimiyyətini Qubad İbadoğlunun səyahət qadağasını ləğv etməyə çağırıb (Link şərhdə). Bəyanatda qeyd olunub ki, qadağanın ləğvi həm də professorun təcili ehtiyacı - tibbi müalicəsini xaricdə alması üçün çox vacibdir.

İki gün öncə isə Avropa Yaşılları Qubad İbadoğlu ilə bağlı analoji bəyanat vermişdi. COP 29 ərəfəsində bu çağırışların artacağı şübhəsizdir. Odur ki, mən də Azərbaycan hakimiyyətini London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğluna qarşı qurama cinayət işinə xitam verməyə və səyahət qadağasını götürməyə çağırıram.

Yazını paylaşmamışdan öncə, anamla danışdım, “qardaşın Sumqayıta, polis bölməsinə, imza atmağa gedib”, dedi. Nüfuzlu universitetlərin auditoriyalarında dərs demək, akademik fəaliyyətlə məşğul olmaq, beynəlxlaq iqtisadi tədbirlərdə Azərbaycanı təmsil etmək əvəzinə dünya şöhrətli professor həftədə iki dəfə polis bölməsinə gedib, yaşayış yerindən uzaqlaşmadığını təsdiq etmək üçün imza atır.

Sonra da deyirik ki, görəsən niyə:

"İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalər içində".

Qalib Toğrul