Biz ,– Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası, – 29 noyabr 2022-ci il tarixdə Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin demokratikləşmə və inkişaf etmiş çağdaş dünyaya inteqrasiya kursuna zidd mahiyyət daşımasını, Azərbaycan Respublikası Konstitusiyasının, ölkə qanunvericiliyi, insan hüquq və azadlıqları haqqında beynəlxalq konvensiyaların tələblərinə cavab verməməsini, siyasi fəaliyyəti, siyasi plüralizmi tam məhdudlaşdıran tələblərin layihədə əks olunmasını dövlət mənafeyinə uyğun olmadığını nəzərə alaraq, Qanundakı normaların siyasi hakimiyyətin digər siyasi partiyalar üzərində dominant mövqeyinə xidmət etmək istəyindən qaynaqlanmasına diqqət çəkərək, insan azadlıqlarının təminatı, cəmiyyətin demokratikləşməsi və ölkədə hüquq dövlətinin formalaşmasını dövlət mənafeyi baxımından prioritet hesab edərək aşağıdakıları bəyan edirik:

1. Layihənin 3.3 və 4.7-ci maddələri Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin III və IV bəndlərinin, 58-ci maddəsinin II bəndinin, 71-ci maddəsinin II, IV. V bəndlərinin tələblərinə, həmçinin bu layihənin 3.5-ci maddəsinin " Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir" tələbinə zidd olaraq, dövlət qeydiyyatından keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasını qadağan edir və bu da, şübhəsiz ki, hakimiyyətin marağında olmayan yeni siyasi partiyaların yaranması və formalaşması prosesinə əngəl yaradacaqdır,

2. Layihənin 3.7-ci maddəsində " Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir" yazılsa da, 7.2.1-ci maddənin mənasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətini yoxlayarkən həmçinin dövlət orqanlarından, yerli idarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətləri də nəzərə alır. Bu isə o deməkdir ki, hakimiyyəti qane etməyən hər hansı bir partiyanın sıxışdırılması, qeydiyyatının ləğvi və s. üçün qərəzli ərizə və şikayətlərin təşkilinə qanuni şərait yaradılır,

3. Layihənin 4.5-ci maddəsində yazılıb ki, "Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir". Hesab edirik ki, ərizənin sələhiyyətli şəxsdən əlavə 50 nəfər təsisçinin də imzalaması tələbi reallığa uyğun deyil: 50 nəfərin eyni vaxtda bir notariat orqanında toplaşması, bu 50 nəfərin şəxsiyyətinin və fəaliyyət qabiliyyətinin yoxlanması praktik olaraq mümkün deyil və prosesi mümkünsüz etmək məqsədi daşıyır. Həmçinin hansısa notariat orqanının ofis şəraiti də azı 50 nəfərlə eyni vaxtda işləmək imkanında deyil və maddənin bu şəkildə tərtibatı qəbuledilən deyil və qəbul edilməməlidir,

4. Layihənin 6.1-ci maddəsində tələb edilir ki, " Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır". Həmçinin 5.9-cu maddədə tələb edilir ki, "Bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 180 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş sayının təmin edilməsi üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərin reyestrini tərtib edir". 20.10-cu maddədə tələb edilir ki, "Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır".

Bu bir reallıqdır ki, patriotlar istisna olunmaqla, iqtidar partiyası və onun ətrafında fırlanan "peyk partiyalar"dan başqa digər partiyalara üzv olmaq istəyən şəxslərin özü və ya yaxın qohumu əgər hansısa bir yerdə işləyirsə və s. onun adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi dövlət orqanına təqdim ediləcəksə, təbii ki, bu şərtlər altında – hakimiyyətin şər və təzyiqindən ehtiyatlanaraq – partiya üzvü olmaq istəməyəcək və belə bir durumda təsis edilmiş hər hansı bir partiyanın 180 gün daxilində azı 5000 nəfər üzv toplaması qeyri-mümkündür. Odur ki, qeyd edilmiş tələblər daxilində – yalnız hakimiyyətin korporativ marağına xidmət edən Qanun qəbul edilməsi qəbuledilməzdir,

5. 20.10-cu maddədə "Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır" müddəası qəbulediləndir, lakin bu məlumatların olduğu kimi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" verilməsi qəbuledilən deyil, Avropa İnsan Hüquqları Konvensiyasının mənasına, Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin II və 71-ci maddəsinin IV bəndinə, həmçinin bu layihənin 21.4 cü maddəsinin (Özü barədə rəsmi məlumatların təqdim edilməsi zamanı şəxsdən siyasi partiyadakı üzvlüyünə və ya üzvlüyünün olmamasına dair məlumatın göstərilməsinin tələb edilməsinə yol verilmir) tələbinə ziddir və qəbul edilə bilməz,

6. Layihənin 12.3.3-cü maddəsi keçirilən hər hansı seçkidə partiyanın iştirakını, bir vəzifə olaraq, məcburi edir və onun boykot və ya iştirak etməmək hüququnu pozur ki, bu da Konstitusiyanın müvafiq müddəasının əleyhinədir və qəbul edilə bilməz...

7. Layihədə bu kimi antikonstitusion, antidemoktatik, yalnız mövcud hakimiyyətin korporativ maraqlarına xidmət edən çox sayda maddələr (məsələn, 7.3.2, 12.4, 23.2.7, 24.6 və s.) var və hesab edirik ki, bu layihənin qanun kimi qəbul edilməsi yolverilməzdir, yalnız mövcud hakimiyyətin mənafeyini müdafiə edir, ölkədə təkpartiyalılığın bərqərar olmasına, siyasi plüralizmin məhvinə hesablanmışdır.

8. Hesab edirik ki, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının yeni Qanunun layihəsinin parlament müzakirəsi dayandırılmalı, bu sənəd Venetsiya Komissiyasının (VK) ekpertizasından keçirildikdən bu bəyanatdakı və VK-nın rəyindəki iradlar və təkliflər nəzərə alınmaqla ictimai müzakirəyə təqdim olunmalıdır.

Odur ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası olaraq, Milli Məclis deputatlarını bu layihəyə səs verməməyə, demokratiya yolunu tutmuş siyasi partiyaları, vətətəndaş cəmiyyəti və media orqanlarını bu qanunun qəbul olunması əleyhinə mübarizədə birləşməyə dəvət edirik.

Bakı şəhəri 05 dekabr 2022-ci il.