Azərbaycan Demokratiya və Rifah” (ADR) Partiyasının Nizamnaməsi

  1. Ümumi müddəalar.

1.1. Azərbaycan Demokratiya və Rifah Partiyası (bundan sonra ADR Partiyası və ya Partiya) azad, demokratik Azərbaycan uğrunda mübarizə aparan vətəndaşları birləşdirən, könüllülük və üzvlərinin hüquq bərabərliyi əsasında fəaliyyət göstərən siyasi partiyadır.

1.2. Partiyanin Mərkəzi qərargahı Baki şəhərində yerləşir. Hüquqi ünvanı belədir: Bakı şəhəri, 1-ci Neftçilər döngəsi, ev 2, 1 saylı mənzil

1.3. ADR Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, "Siyasi partiyalar haqqında”Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktlar və bu Nizamnamə əsasında fəaliyyət göstərir.

1.4. ADR Partiyası dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir. Özünün mülkiyyəti, hüquq və öhdəlikləri var.

1.5. ADR Partiyasınin emblemi və bayrağı vardır. ADR Partiyasının emblemində ağ fonda qırmızı rəngdə və böyük hərflərlə ADR hərfləri yazılmışdır. "A" hərfinin ortasında 3 əl təsvir edilmişdir. Aşağıda isə "ADR Partiyası" sözləri yazılmışdır.

Bayraq ağ rəngdədir və ölçüləri 1/2 nisbətindədir. Ortada iri hərflərlə "ADR" sözü, bu sözün aşağısında kiçik hərflərlə "partiyası" sözü yazılmışdır.

1.6. ADR Partiyası daxilində bütün yığıncaqlar üzvlərin 1/3 hissəsindən çoxu iştirak etdikdə səlahiyyətlidir. Bu Nizamnamədə göstərilən xüsusi hallar istisna olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

1.7. ADR Partiyası daxilində bütün seçkilər gizli səsvermə ilə keçirilir, iclas iştirakçılarının qərarı ilə hər hansı seçki açıq keçirilə bilər.

  1. ADR Partiyasının əsas məqsədləri

2.1. ADR Partiyasının əsas məqsədləri aşağıdakılardır:

-Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət kimi formalaşması;

- Ölkənin siyasi, iqtisadi, ictimai həyatının müxtəlif sahələrində liberal islahatların aparılması, azad bazar iqtisadiyyatının bərqarar olması;

- Ərazi bütövlüyünün pozulduğu bölgələrdə Azərbaycanın dövlət suverenliyinin tam bərpası;

- Cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, həmrəylik və milli birliyin təbliği;

-Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsi;

-Təhsil, səhiyyə və sosial müdafiə xidmətlərinə ədalətli çıxışın təmin edilməsi;

- Partiyanın üzvlərinin hüquqlarının qorunması.

- Qanunun aliliyinin təmini, vətəndaşların hüquq və azadlıqlarının qorunması.

3. ADR Partiyasının hüquq və vəzifələri

3.1. ADR Partiyasının aşağıdakı hüquq və vəzifələri var:

  • ADR Partiyası tərəfindən irəli sürülən namizədlər vasitəsi ilə ümumrespublika və yerli seçkilərdə iştirak etmək;

-Respublikada keçirilən referendumlarda iştirak etmək;

-Respublikanın ərazisində yerli partiya qurumları yaratmaq;

- Təəssübkeşlərinin və üzvlərinin hüquq və azadlıqlarını təmin etmək üçün dövlət orqanlarına müraciət etmək;

- Müstəqil mətbuat orqanı yaratmaq, kütləvi informasiya vasitələri, o cümlədən, sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq;

- Konfrans, forum və dəyirmi masalar, o cümlədən, virtual müzakirələr, dinləmələr keçirmək;

- Mövcud qanunvericiliyin formalaşdırılması üzrə təkliflər vermək və bu təkliflərin qəbul edilməsi üçün ictimai vəkillik prosesini həyata keçirmək;

-Müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;

- Digər partiya və bloklarla birliklər yaratmaq;

- Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

- Müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;

- Partiya üzvlərini üzvlük vəsiqəsi ilə təmin etmək;

- Partiya ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar, yürüşlər, piketlər və başqa kütləvi tədbirlər keçirə bilər;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

4. ADR partiyasında üzvlük

4.1. ADR Partiyasınin Nizamnaməsini və Məramnaməsini qəbul edən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı ADR Partiyasına üzv ola bilər.

4.2. ADR Partiyasında üzvlük könüllüdür, üzvlərin hüquqları bərabərdir. Cinsindən, millətindən, dilindən, irqindən, dinindən asılı olmayaraq hər bir şəxs ADR Partiyasına üzv ola bilər.

4.3. ADR Partiyasının üzvü digər siyasi partiyanın üzvü ola bilməz.

4.4. Siyasi fəaliyyətinə qanunla qadağa qoyulmuş şəxslər ADR Partiyasına üzv ola bilməzlər.

4.5. ADR Partiyasına üzvlük fərdi qaydada, üzv olmaq istəyən şəxsin yazılı ərizəsi ilə həyata keçirilir. Üzvlüyə qəbul ərizəsi bir aydan çox olmayan müddətdə üzvün faktiki yaşadığı və yaxud fəaliyyət göstərdiyi ərazidəki müvafiq özəkdə müzakirə edilir. Özəkdə qəbul olunmuş şəxs, müvafiq rayon (şəhər) təşkilatının idarə heyətində qeydiyyata alınır. Qəbul həmçinin birbaşa rayon (şəhər) təşkilatının idarə heyətində və ya ADR partiyasının İdarə Heyətində də aparıla bilər. Bu halda üzv müvafiq ərazidəki özəkdə qeydiyyata alınır.

4.6. ADR Partiyası üzvünün hüquqları:

- bu Nizamnamənin tələblərinə uyğun olaraq istənilən Partiya orqanına seçmək və seçilmək;

- ADR Partiyasının fəaliyyətində və təşkil etdiyi tədbirlərdə, o cümlədən iclaslarda iştirak etmək;

- ADR Partiyası orqanlarının, o cümlədən, rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq;

- Partiyanın səlahiyyətli orqanlarına müraciət etmək;

- ADR Partiyası sıralarından çıxmaq.

4.7. ADR Partiyası üzvünün vəzifələri:

- ADR partiyası Nizamnaməsinə əməl etmək;

- Partiyadaxili fəaliyyətində müvafiq Partiya strukturlarının qərarlarını rəhbər tutmaq;

-ADR Partiyasının dəstəyi ilə seçildiyi dövlət və bələdiyyə orqanlarındakı fəaliyyətində Partiya qərarlarını nəzərə almaq;

- Partiyanın tədbirlərində iştirak etmək;

- Partiyanın rəhbər orqanlarının qərarları aşağı orqanlar və üzvlər üçün məcburidir. Bütün səviyyələrdə müzakirələr qərar qəbul ediləndə yekunlaşır;

- Partiyanın nüfuzuna xələl gətirən hallara yol verməmək.

4.8. ADR Partiyası üzvü bu Nizamnaməyə uyğun olan müvafiq orqan səlahiyyət verdikdə təmsilçilik hüququna malikdir.

4.9. ADR Partiyası üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilə bilər.

- Nizamnamə pozuntusuna yol verdikdə;

-Partiyanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə;

-Mütəmadi olaraq partiyanın işində iştirakdan boyun qaçırdıqda;

-Siyasi fəaliyyəti qanunla qadağan olunduqda.

4.10. Üzvlükdən xaric edilmiş şəxs, özək və rayon səviyyəli orqanın qərarından bir ay müddətində rayon (şəhər) təşkilatının Nəzarət Təftiş Komissiyasına, mərkəzi orqanların və rayon (şəhər) təşkilatı NTK-nın qərarından isə bir ay ərzində Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət edə bilər.

4.11. Partiyadan çıxmaq sərbəstdir. Bunun üçün özək sədrinə, və yaxud Rayon (şəhər) təşkilatının sədrinə yazılı və ya şifahi müraciət etmək kifayətdir. Müraciət şifahi olduqda üzvün qeydiyyata alındığı özəkdə və ya rayon (şəhər) təşkilatı İdarə heyətində bu haqda məlumat verdikdən sonra üzv Partiyadan çıxmış hesab edilir.

5. ADR Partiyasının özəkləri

5.1. Partiyanın özəkləri ən azı 3 ADR Partiyası üzvü tərəfindən müvafiq ərazidə rayon (şəhər) təşkilatının idarə heyətinin üzvlərindən birinin iştirakı ilə təsis edilir və rayon (şəhər) təşkilatı İdarə heyətində təsdiq edildikdən sonra özək statusu alır.

5.2. Müvafiq ərazidə özək olmadıqda üzvlüyə qəbul edilmiş şəxsin hansısa özəkdə qeydiyyata alınmasına rayon təşkilatının idarə heyəti qərar verir.

5.3. Özəyin Ali orqanı ən azı 4 ildə bir dəfə çağırılan ümumi (hesabat-seçki) yığıncaqdır. Ümumi yığıncaq özəyin sədrini və üzvlərin sayı 20-dən çox olduqda sədrin təqdimatı ilə müavinini seçir. Növbədənkənar hesabat seçki yığıncağı özək üzvlərinin 1/3-nin tələbi ilə çağırıla bilər.

5.4. Özəyin fəaliyyət reqlamentini özəyin özü müəyyən edir.

5.5. Özək sədri özəyin iclaslarını təşkil və idarə edir. Özək sədri müvafiq rayon təşkilatı məclisinin üzvüdür. Özək sədri və ya onun səlahiyyət verdiyi şəxs özəyi təmsil etmək hüququna malikdir. Özək sədrinin səlahiyyət müddəti 4 ildir.

Sədr öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası sədr müavininə və ya özəyin səlahiyyət verdiyi şəxsə keçir.

6. ADR Partiyasının rayon (şəhər) təşkilatları

6.1. Rayon (şəhər) təşkilatları Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olan struktur vahidlərindən ibarətdir.

Partiyanın Qadınlar və Gənclər təşkilatları da rayon təşkilatlatı ilə eyni səlahiyyətdədirlər. Partiyanın Naxçıvan MR Təşkilatı yaradıla bilər. Bu təşkilatın iş prinsipi Ali Məclis tərəfindən müəyyən edilmiş əsasnamə ilə tənzimlənir.

6.2. Rayon (şəhər) təşkilatlarının Ali Orqanı onun 4 ildə bir dəfə keçirilən konfransıdır (və ya ümumi yığıncağıdır).Növbədənkənar konfrans ( və ya ümumi yığıncaq) rayon (şəhər) təşkilatı məclisi və ya İdarə heyəti üzvlərinin 2/3 –nin, NTK-nın, və ya sədrin tələbi ilə İdarə heyəti tərəfindən sonuncu konfrans nümayəndələrindən ibarət tərkibdə 1 ay müddətində çağırıla bilər.

6.3. Konfrans (ümumi yığıncaq):

-Təlimata uyğun olaraq Partiya qurultayına nümayəndələr seçir. Sədrin və NTK-nın hesabatlarını dinləyir və qiymətləndirir. Rayon təşkilatının sədrini, NTK üzvlərinin tərkibini müəyyən edir və seçir;

- Rayon (şəhər) təşkilatı məclisin tərkibini təsdiq edir;

- Rayon (şəhər) təşkilatı məclisinin sərbəst üzvlərinin özək sayının 1/3-dən çox olmamaqla sayını müəyyənləşdirir və seçir.

6.4. Rayon (şəhər) təşkilatının Məclisi konfranslararası (və ya ümumi yığıncaqlararası) dövrdə rayon (şəhər) təşkilatının ali orqanıdır.

6.5. Məclis özək sədrlərindən və onların ümumi sayının 1/3-dən çox olmayan sərbəst üzvlərdən təşkil olunur.

6.6. Məclisin iclasları ən azı 3 ayda 1 dəfə keçirilir.

6.7. Rayon (şəhər) təşkilatının Məclisi:

- Rayon (şəhər) təşkilatının Məclisinin səlahiyyət müddəti 4 ildir.

- Rayon (şəhər) təşkilatının İdarə heyətini seçir.

- Katibini seçir.

-Rayon (şəhər) təşkilatı sədrinin təqdimatı ilə sədrin müavinlərini təsdiq edir.

-Özəklərin yaradılması və ya buraxılması haqda qərar verir.

-Konfranslararası dövrdə yeni yaranmış özək sədrlərinin səlahiyyətini təsdiq edir, ehtiyac yarandıqda öz tərkibinə və NTK-ya üzvlər seçir.

- Yerli özünüidarəetmə orqanlarının seçkilərdə partiyanın namizədlərini təsdiq edir.

6.8. İdarə heyəti Məclislərarası dövrdə rayon təşkilatının işinə rəhbərlik edir.

6.9. İdarə heyətlərinin iclasları ayda 1 dəfədən az olmamaqla keçirilir.

6.10. Rayon (şəhər) təşkilatının idarə heyəti:

- Rayon (şəhər) təşkilatının İdarə heyətinin səlahiyyət müddəti 4 ildir.

-Özəklərin yaradılmasına və fəaliyyətinə köməklik edir, onlar barədə Məclisə təqdimat verir.

-Rayon (şəhər) və respublika səviyyəli tədbirlərdə üzvlərin iştirakını təşkil edir.

-Partiyaya üzv qəbul edir, özəklərdə qəbul edilmiş yeni üzvlərin səlahiyyətini təsdiq edir.

6.11. Rayon (şəhər) təşkilatının sədri İH-nin iclasları arasındakı dövrdə rayon təşkilatının fəaliyyətinə rəhbərlik edir, Məclisin və İdarə heyətinin iclaslarında sədrlik edir.

6.12. Sədr rayon (şəhər) təşkilatını təmsil etmə hüququna malikdir. Sədrin səlahiyyət müddəti 4 ildir.

6.13. Sədr öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini müstəsna hallarda İdarə heyətinin razılığı ilə müavinlərdən biri icra edir.

6.14. Sədr müavinlərinin fəaliyyəti Məclis tərəfindən təsdiq edilmiş "Sədr müavinlərinin fəaliyyət istiqamətlərinə dair təlimat"la tənzimlənir.

7. Rayon (şəhər) təşkilatlarının Nəzarət Təftiş Komissiyası (NTK)

7.1. NTK rayon (şəhər) təşkilatındakı özəklərin və üzvlərin Nizamnaməyə uyğun fəaliyyətinə nəzarət edir, onlar barədə müvafiq qərar verir. Lazım gəldikdə rayon (şəhər) səviyyəli seçkili orqanlarının fəaliyyəti haqda MNTK qarşısında məsələ qaldırır. NTK-nın səlahiyyəti müddəti 4 ildir.

NTK-ya daxil olan ərizə və şikayətlərə 1 ay ərzində baxmalıdır.

7.2. NTK öz iş reqlamentini özü müəyyən edir.

7.3. NTK sədri NTK iclasında üzvlər arasından seçilir. İclaslarda sədr, o iştirak edə bilmədikdə üzvlərdən biri iclasa sədrlik edir.

7.4. NTK üzvü eyni zamanda rayon təşkilatı məclisinin və idarə heyətinin üzvü ola bilməz.

7.5. NTK üzvləri rayon təşkilatının bütün seçkili orqanlarının yığıncağında iştirak etmək hüququna malikdir.

7.6. Rayon (şəhər) təşkilatlarının fəaliyyəti Partiyanın Ali Məclisi tərəfindən qəbul edilmiş Əsasnamə ilə tənzimlənir.

8. ADR Partiyasının mərkəzi orqanları

8.1. Partiyanın ali orqanı 4 ildə bir dəfə çağırılan qurultaydır.

8.2. ADR partiyasının rəhbər orqanlarının və digər seçkili orqanlarının səlahiyyət müddəti 4 ildir.

8.3. Qurultayın çağırılması haqda qərar ADR Partiyasının Ali Məclisində ən azı 2 ay əvvəldən çıxarılır.

8.4. Qurultay:

-Partiyanı təsis edir və ya fəaliyyətinə xitam verir.

-Partiyanın Nizamnamə və Məramnaməsini qəbul edir, ehtiyac yarandıqda onlarda dəyişikliklər edir.

-Partiya sədrinin, MNTK sədrinin hesabatlarını dinləyir və qiymətləndirir.

-Partiyanın sədrini seçir.

-MNTK-nın say tərkibini müəyyənləşdirir və onu seçir.

-Rayon (şəhər), Qadınlar, Gənclər təşkilatları və Naxşıvan MR təşkilatlarının rəhbərlərindən və bu qurumların 1/3-dən çox olmamaq şərtilə sərbəst üzvlərdən ibarət Ali Məclisini formalaşdırır;

- Partiyanın gerbini, bayrağını və himnini təsdiq edir.

8.5. Növbədənkənar qurultay ADR Partiyası sədrinin, partiyanın Ali Məclis üzvlərinin 1/3-in və ya MNTK-nın tələbi ilə Ali Məclis tərəfindən sonuncu qurultay nümayəndələrindən ibarət olan tərkibdə çağrılır.

8.6. Partiya Məclisinin qərarı ilə partiyadaxili referendum və ya praymeriz keçirilə bilər.

8.7. Qurultaylararası müddətdə partiyanın rəhbər orqanı Partiyanın Ali Məclisidir.

8.8. Partiyanın sədri həm də Ali Məclisin sədridir.

8.9. Məclisin yığıncaqları 3 (üç) aydan gec olmayaraq çağırılır.

8.10. Məclisin növbədənkənar yığıncağı Partiya sədrinin, MNTK-nın və ya Məclis üzvülərinin 1/3-in tələbi ilə, İdarə heyəti tərəfindən 10 gün müddətində çağrılır;

8.11. Partiyanın Ali məclisi:

- Ali Məclisin səlahiyyət müddəti 4 ildir.

-Qurultayın təşkili və keçirilmə qaydasını müəyyən edir, nümayəndələrin seçilməsi haqda rayon təşkilatlarına təlimat verir.

- Rayon (şəhər), Qadınlar qolu, Gənclər qolu və Naxçıvan MR təşkilatlarının səlahiyyətlərini təsdiq edir, və ya Nizamnamə pozuntusuna yol verdikdə onları buraxır.

- Ali Məclisin reqlamentini qəbul edir.

- Ali Məclisin sədr müavinini və katibini seçir. Ali Məclisin katibi Məclisin işini kordinasiya edir.

-Partiya sədrinin təqdimatı ilə sədrin müavinlərinin səlahiyyətlərini təsdiq edir.

-Müxtəlif sahələri əhatə edən komissiyalar yaradır.

-İdarə heyətinin tərkibini müəyyənləşdirir, İdarə heyətinə üzvlər seçir.

-Nizamnamə pozuntusuna yol vermiş Ali Məclis, MNTK və digər rəhbər orqanlarda təmsil olunan üzvlər haqda tədbirlər görür.

-Qurultaylararası dövrdə ehtiyac yarandıqda öz tərkibinə və MNTK-ya üzvlər seçir.

- Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı partiyanın namizədlərinin siyahısınə təsdiq edir.

-İdarə heyəti tərəfindən hazırlanmış əsasnamələri müzakirə və təsdiq edir.

- Qurultayın müstəsna səlahiyyətinə aid olmayan bütün partiyadaxili məsələri həll edir.

-Ali Məclis Qurultay səlahiyyət verdikdə Qurultayın səlahiyyətinə aid məsələləri də həll edə bilər

8.12. Ali Məclisin yığıncaqları arasındakı dövrdə partiyanın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir

8.13. İdarə heyəti partiyanın sədrindən, sədr müavinlərindən və partiya sədrinin təqdimatı ilə Ali Məclis tərəfindən seçilmiş sərbəst üzvlərdən ibarətdir;

8.14. İdarə heyəti:

- İdarə Heyəti səlahiyyət müddəti 4 ildir.

-Partiyanın rayon (şəhər), Qadınlar qolu, Gənclər qolu, Naxçıvan MR təşkilatlarının yaranmasına və fəaliyyətinə köməklik edir,

- Ali Məclisin müzakirəsinə məsələlər təqdim edir,

-Partiyanın müxtəlif strukturlarının işi haqda təlimatlar, əsasnamələr hazırlayır və Ali Məclisə təqdim edir,

- Ali Məclisin qərarlarının icrasını həyata keçirir,

- Ali Məclislərarası dövrdə vacib olan məsələlər barədə qərarlar qəbul edir, bu qərarların yerinə yetirməsinin

yollarını müəyyənləşdirir,

- Yeni rayon (şəhər) təşkilatlarının yaranması üçün təşəbbüs qruplarının tərkibini müəyyən edir,

- Partiyaya üzv qəbul edir.

8.15. Partiyanın sədri:

- Partiyanın sədrinin səlahiyyət müddəti 4 ildir.

-Partiyanın fəaliyyətinə bilavasitə rəhbərlik edir, partiyanı təmsil edir;

- Ali Məclisin və İdarə heyətinin iclaslarında sədrlik edir;

-İdarə heyəti üzvləri arasından müavinliyə namizədləri müəyyən edərək, təsdiq üçün Ali Məclisə təqdim edir, onların istefasını qəbul edir və ya azad etmək üçün Ali məclisə təqdimat verir;

-Partiyanın icra aparatını formalaşdırır və ona rəhbərlik edir,

-Sədr səlahiyyətlərini özü icra edə bilmədikdə cari rəhbərliyi müavinlərdən birinə həvalə edə bilər;

- Sədr müavinlərin işini koordinasiya edir;

-Partiyanın ştatlı işçilərini işə götürür, onları işdən azad edir;

- Məsləhət şurasını və müşavirlik institutunu yaradır.

8.16. Sədrin müavinləri partiyanın ayrı-ayrı sahələrinə rəhbərlik edirlər.

8.17. Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK):

- MNTK-nın səlahiyyət müddəti 4 ildir.

- Partiyanın bütün üzv və strukturlarının Nizamnaməyə uyğun fəaliyyət göstərməsinə nəzarət edir. Pozuntular müəyyən etdikdə müvafiq orqanın qərarını ləğv edir, düzəliş edir, və ya qərarını düzəltmək üçün həmin orqana köməklik göstərir,

-Partiyanın müxtəlif struktur və aparatlarına sorğular verir, onların verdiyi məlumatları araşdırır.

8.17. MNTK daxil olan ərizə və şikayətlərə 2 ay ərzində baxıb, yekun qərarlar çıxarır.

8.18. MNTK sədri MNTK iclasında üzvlər arasından seçilir. Sədr, və ya onun səlahiyyət verdiyi üzv iclaslarda sədrlik edir.

8.19. MNTK üzvü Partiyanın Ali Məclisinin və seçkili icra orqanlarının üzvü ola bilməz.

9. Partiyanın əmlakı və maliyyə fəaliyyəti:

9.1. ADR Partiyasınin mülkiyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlaklar ola bilər.

9.2. ADR partiyası öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

9.3 ADR Partiyasınin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

9.4. ADR Partiyasının vəsaiti üzvlərin və təəssübkeşlərin verdiyi ianələr və qanunvericiliklə icazə verilən digər mənbələrdən formalaşır

 9.5. ADR Partiyasınin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

9.6. ADR Partiyası digər siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

9.7 ADR Partiyası qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət

orqanlarına təqdim edir.

10. ADR Partiyasının fəaliyyətinə xitam verilməsi

10.1. ADR partiyasının fəaliyyətinə onun qurultayında, iştirakçıların 2/3 hissəsinin razılığı ilə xitam verilə bilər.

Bu zaman qurultay Partiyanın əmlakı və digər məsələlər haqda da qərar çıxarır.