Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşları Qubad İbadoğlunun ailəsinin müraciəti əsasında onunla görüşmək üçün son bir ayda 3 dəfə Bakı İstintaq Təcridxanasında olublar, lakin qardaşımla görüşməyə müvəffəq ola bilməyiblər. Görüşə imkan verməmək üçün müxtəlif bəhanələr gətirilib, gah deyiblər, burda yoxdur, məhkəmədədir, gah da istintaq hərəkəti keçirildiyini bildiriblər.

Görüşün mümkünsüzlüyünü görən Nümayəndəlik Penitensiar Xidmətə Qubad İbadoğlu ilə görüşə icazə verilməsi üçün rəsmi məktubla müraciət edib.

Bu gün Nümayəndəliyin əməkdaşları ilə görüşdə Qızıl Xaçın kardioloqu bildirdi ki, qardaşımın səhhəti haqqında tam təsəvvürə malik olmaq üçün onu üzbəüz görməli, eyni zamanda tibbi rəylə yanaşı, USM və exokardioqrammanın şəkilləri ona təqdim olunmalıdır.

Qeyd olunan müayinə və analiz nəticələrini almaq üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladığımız birinci məktuba imtina cavabı gəlib, ikinci məktub, dediklərinə görə, icradadır.

Bu gün Tibb Baş İdarəsində idarənin əməkdaşı Məhər adlı şəxslə görüşdüm, o məni dinlədi, idarənin rəisinə məruzə edəcəyini bildirdi. "Niyə nəticələri vermirsiniz" sualına cavab almaq üçün saat 4-5 arası Bakı İstintaq Təcridxanasına İdarə tərəfindən kurator təyin edilmiş Elnur Məmmədovla əlaqə saxlamağı məsləhət görüb.

Ədliyyə Nazirliyinin idarələri isə süni maneə yaratmaqla məşğuldurlar.