Müraciətdə deyilir:

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Hüqo Qevaraya

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərvaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldunə

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayona

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanna

Hörmətli Səfirlər

23 iyul 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xüsusi zorakılıq tətbiq edilməklə saxlanılan və sonradan 2 saxta ittiham elan olunan London School of Economics-in əməkdaşı, professor Qubad İbadoğlunun ailəsi adından Sizə müraciət edirəm. Bir Allah şahiddir ki, əgər Azərbaycanın müvafiq dövlət qurumları (Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Penitensiar Xidmət, Bakı İstintaq Təcridxanası) tərəfindən qardaşımın təcridxanada aparılmış müayinə və analizlərinin nəticələri ailəsinə və vəkillərinə təqdim olunsaydı, həyati əhəmiyyətli sağlamlıq sənədlərini ala bilmədiyimizlə bağlı mütəmadi məlumatlandırdığımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) vaxtında məsələyə müdaxilə etsəydi və ya öz xərclərimiz hesabına qardaşımın özəl klinikaların birində müayinəsinin aparılmasına razılıq verilsəydi, mən Sizə üz tutmazdım.

Varlığım qədər inanıram ki, son illər dünyanın aparıcı universitetlərində (ABŞ-ın Şimali Karolina, Prinston, Rutgers universitetləri, LSE (Böyük Britaniya)) çalışsa da, Azərbaycanı heç vaxt unutmayan, insan hüquq və azadlıqlarına hörmət qoyulan, korrupsiyasız, demokratik Azərbaycan uğrunda mücadilə aparan, ürəyi Vətəni ilə döyünən qardaşımın da mövqeyi belə olardı ki, öz problemlərimizi özümüz həll etməliyik.

Lakin artıq bıçaq sümüyə dirənib, qardaşımın həyatının xilas olunması üçün bütün hüquqi imkanlardan faydalanmağa cəhd eləsək də, hakimiyyət hər addımda yaratdığı süni maneələrlə onun fiziki məhvinin qarşısını almağa imkan vermir. Bu gün Qubad İbadoğlunun ailəsi olaraq onun sağlamlığı ilə bağlı narahatlığımız ən yüksək səviyyəyə çatıb. Hər həftənin şənbə günü verilən görüşdə, şüşə arxasından da olsa, qardaşımın gözlərimin önündə necə şam kimi əridiyini çarəsiz halda, böyük iztirab içində müşahidə edirəm.

Təcridxanaya düşməmişdən öncə aortanın anevrizması, yüksək qan təzyiqi, II tip şəkərli diabet və onurğa ağrıları kimi ciddi xəstəliklərdən əziyyət çəkən, gün ərzində 8 ədəd dərman qəbul edən qardaşım təcridxanada olduğu 45 gündə saxlanma şəraitinin dözülməzliyi, havasızlıq, müxtəlif psixoloji təzyiq metodlarının tətbiqi, gecələr kameranın işıqlarının söndürülməməsi səbəbindən yeni xəstəliklər qazanıb. Qardaşımın qalxanabənzər vəzində düyünlər əmələ gəlib, ona əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası diaqnozu qoyulub, o, ciddi əsəb pozgunluğu keçirdiyindən günboyu xroniki yorğunluqdan və səbəbsiz başağrılarından şikayətçidir, üstəlik USM müayinəsi zamanı böyrəklərində, öddə və mədəaltı vəzdə ciddi neqativ dəyişikliklər aşkarlanıb.

Bugünədək Qubad İbadoğlu təcridxanada 3 dəfə (25 iyul, 3 avqust, 1 sentyabr) EXQ, EXO, rentgen, USM müayinələrindən keçirilib, biri qalxanabənzər vəzlə bağlı olmaqla 5 dəfə analiz üçün venadan qan götürülüb. Ancaq şifahi, yazılı müraciətlərimizə və səlahiyyətli şəxslərlə görüşlərimizə baxmayaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət müayinə və müalicə nəticələrini bizə təqdim etmir, gizlədir.

Çox təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin tibbi və xidməti personalı bizim müraciət əsasında 3 dəfə Qubad İbadoğlunun saxlanıldığı təcridxanada olsa da, rəhbərlik Qızıl Xaçın nümayəndələrinin qardaşımla görüşünə, müayinə və analiz sənədləri ilə tam şəkildə tanış olmasına imkan verməyib.

Müayinə və analiz nəticələrini məhkəmə yolu ilə almaq cəhdlərimiz də uğursuzluqla nəticələnib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkəməyə təqdim etdiyi, Qubad İbadoğlunun sağlamlığının kafi olduğu yazılan arayışda konkret heç biri tibbi göstəricidən istifadə olunmayıb və ən əsası qardaşımın ən problemli orqanı - ürəyi ilə bağlı exokardioqramma nəticələrinə toxunulmayıb.

Qubad İbadoğlunun ailəsi olaraq dərin ümidsizlik və çarəsizlik içindəyik. Azərbaycan xalqı müasir tarixinin ən fədakar və vicdanlı övladlarından birini itirmək təhlükəsi ilə üz-üzədir. Sonuncu ümid yeri kimi Sizə üz tuturam, göz görə-görə qardaşımın öldürülməsinə imkan verməyin, onun Bakının özəl klinikalarından birində müayinə və müalicəsinin aparılmasına yardım edin, ümid çırağımızı sönməyə qoymayın!

Galib Toghrul

Bakı İstintaq Təcridxanasında saxlanlan

LSE-nin əməkdaşı, professor Qubad İbadoğlunun qardaşı.