Salam Qubad!
Qalib dedi ki, yazdığım məktubu sənə verməyiblər, ananı baladan ayıranlar bunu da bizə çox görüblər.
Yazmışdım, özünü istidən, əsəblərini pis adamdan, pis rəftardan qoru.
Səhhətinin qeydinə qal, dərmanlarını vaxtında qəbul elə.
Darıxma, bəlkə pis adamın ömrü-əli uzundur, amma pis günün ömrü qısadır.
Qalib dedi, bu məktubu FB-da yayacaq, vəkillər gələndə çap edib sənə versinlər ki, oxuyasan.
Ona görə bu məktubu ananın sənə yazdığı məktub kimi oxuma, haqsız yerə məhbəsdə olan bütün övladlara analarının məktubu kimi oxu!
Tez-tez məndən soruşurlar ki, 5 uşağı təkbaşına necə belə əxlaqlı, ədalətli, elmli böyütmüsən. Bir az əvvəl Sevinc Osmanqızı (Allah ondan və sənin haqq səsini batmağa qoymayanlardan razı olsun) zəng eləmişdi, o da eyni sualı verdi.
Qoy, o sualın cavabını bu məktubda yazım, qalsın, dünyanın işini bilmək olmaz.
Mən övladlarıma ədəbiyyat müəlliməsi kimi ədəbiyyat öyrətmişəm, ədəb öyrətmişəm, ərkan öyrətmişəm.
Ana kimi şəfqətimi, sevgimi vermişəm.
Atalarının yoxluğunu hiss etdirməməyə çalışmışam.
Ancaq mən övladlarıma həyatı öyrətməmişəm.
Onlara nə zaman necə qərar verməyi təlqin eləməmişəm.
Mən övladlarımın seçimlərinə həmişə hörmətlə yanaşmşam.
Qubad, mən həmişə səninlə fəxr eləmişəm.
10-cu sinifdə oxuyanda respublika olimpiadasında 1-ci yeri tutanda da, institutu qırmızı diplomla bitirəndə də, gənc yaşında alimlik dərəcəsi alanda da, dünyanın sayılıb-seçilən universitetlərində dərs deyəndə də.
Özün bilirsən, siz uşaq olanda həmişə elm öyrənməyinizin, yaxşı oxumağınızın tərəfində olmuşam, sizin elmli olmağınızı arzulamışam. İstəmişəm, mənim övladlarım elmlərinə, biliklərinə görə başqalarından fərqlənsinlər, ataları kimi savadlı olsunlar.
30 ilə yaxın orta məktəbdə ədəbiyyat fənnindən dərs demişəm, o vaxt tədris proqramında olan “Moabit dəftəri”ni keçəndə ağlıma da gəlməyib ki, oğlum Musa Cəlil kimi qəhrəman olsun. Mən səni həmişə alim kimi təsəvvür eləmişəm.
Ancaq sonradan, ədalətsizliklərə, haqsızlıqlara şahid olanda başa düşdüm ki, insanın ən qiymətli keyfiyyəti onun elmi deyil, ədalətidir, vicdanıdır!
Ailəsinin qayğısız yaşamasına, başının dinc olmasına çalışan alimin elmi, biliyi nəyə, kimə gərəkdir ki?!
Neynirəm, o qızıl teşti ki, içinə qan qusacam!
Qubad, mən həmişə səninlə, bilirsən, ən çox nəyə görə fəxr eləmişəm?!
Ədalətli olduğuna görə, kasıbın, yetimin, haqqı yeyilənin tərəfini saxladığına görə, haqqı nahaqın ayağına vermədiyinə görə.
Min illərdir, dünyada xeyirlə şərin mübarizəsi gedir.
Əgər bu mübarizədə şər qalib gəlsəydi, bügünkü dünyamız da olmazdı.
Bu dünyanın zülmü ərşə dayanan fironları varsa, Allahın kürəyində durduğu Musaları da var.
Allah kürəyində dursun!
Anan Həqiqət