ABŞ Senatındakı son Qarabağ dinləmələrində bəzi senatorlar dinləməyə professor Qubad İbadoğlunun qanunsuz həbsi məsələsini qaldırmaq üçün gəldiklərini deyiblər və azərbaycanlı alimin həbsinə etirazlarını bildiriblər. Çıxışlardan bəzilərini təqdim edirəm.

Senator Tim Keyn (Kaine):

- İndi də Qubad İbadoğlu məsələsinə keçək. O, 2015-ci ildə Nyu-Cersi və Virciniyada, sonra isə Şimali Karolinada yaşayıb. Qubad İbadoğlunun elmi fəaliyyəti ABŞ universitetləri ilə, xüsuilə Şimali Karolina Universiteti ilə sıx bağlıdır. O, Azərbaycanın görkəmli alimidir, indicə senator Merfinin (Murphy) qaldırdığı məsələ (neft gəlirlərinin idarə olunması) ilə bağlı tədqiqatlar aparıb, yazıb. Məsələ burasındadır ki, korrupsiya və pis idarəetmə şəraitində neft gəlirləri əldən-ələ keçir. Qubad İbadoğlu və xanımı bu ilin iyulunda hüquqi prosedurlara məhəl qoyulmadan zorakılıqla saxlanılıb. Onun saxlanma şəraiti çox pisdir və səhhəti ilə bağlı çoxsaylı probelmləri var. Sentyabrın 12-də o, öz ad gününü həbsxanada qeyd edib. Qubad İbadoğlunun azad olunması ilə bağlı Dövlət Departamenti Azərbaycan hakimiyyəti ilə hansı təmaslarda olub?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim:

- Biz bu məsələni diqqətdə saxlayırıq, hazırda kommunikasiyalar davam edir, Senat Azərbaycana yeni səfirin namizədliyini təsdiq edəndən sonra daha sıx təmaslar qurulacaq. Mən Sizi əmin edirəm ki, Qubad İbadoğlunun məsələsi bizim gündəliyimizdədir, məsələ həll olunanadək də belə olacaq.

Senator Tim Keyn (Kaine):

- Biz sizinlə mütəmadi əlaqə saxlayacağıq ki, işin gedişindən məlumatlı olaq. Bu məsələni dönə-dönə qaldıracağıq. Çünki mən hesab edirəm ki, Qubad İbadoğlunun həbsi qanunsuzdur və bu məsələ ABŞ-ın Azərbaycanla münasibətlərində 1 nömrəli prioritet olmalıdır. Mən məsələni belə qiymətləndirirəm.

Qalib Toğrul (Qubad İbadoğlunun qardaşı)