QUBAD İBADOĞLU AYAĞA QALXMAQDA VƏ YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR

Azərbaycan hökuməti qanunsuz həbs olunan London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin sentybarın 20-də çıxardığı qətnaməyə əməl etmir. Qətnamədə Azərbaycanın üzərinə qardaşımla bağlı daha dərin analiz və müayinələrin aparılması öhdəliyi qoyulsa da, dəfələrlə bu barədə Bakı İstntanq Təcridxanasındakı Tibbi-sanitar hissənin (TSH) rəisi Rəşad Hüseynliyə və Ədliyyə Nazirliyi yanında Tibb Baş İdarəsinə xəbərdarlıq etsək də, yalnız dünən (11 oktyabr 2023) qardaşım endokrinoloq tərəfindən müayinə olunub və şəkərin normallaşmamasına görə ona insulin təyin olunub.

Guya qardaşım 7 oktyabrda nevroloq olduğu deyilən həkim tərəfindən müayinə olunub. “Nevroloq olduğu deyilən” ifadəsini sözgəlişi işlətmirəm. Qardaşım müayinə adlandırılan söhbət zamanı onun nevroloq olduğunu bilməyib, çünki o, qardaşımla ünsiyyət zamanı bel ağrıları və onurğa ilə bağlı hər hansı sual verməyib, hər hansı müayinə və müşahidə aparmayıb. Yalnız bir gün sonra Apellyasiya Məhkəməsində TSH-nin rəisi Rəşad Hüseynli hakimin sualına cavab verərəkən “dünən Qubad İbadoğlunu müayinə edən nevroloq MRT-yə ehtiyac görməyib” deyəndə həkimin kimliyi məlum olub.

Statusu yazarkən, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəsi müavini İftixar Qurbanovun vəkillərin sorğusuna cavab məktubu daxil oldu (məktubu əlavə edirəm).

Rəis müavini də qırmızı-qırmızı yazır ki, bel ağrısı ilə bağlı MRT-nin keçirilməsinə ehtiyac yoxdur. Məktubda mülki xəstəxanada şəxsin öz hesabına müayinəsinin aparılması üçün istintaq aparan orqanının (“Bandotdel”in) razılığının tələb olunduğu da yazılır.

Azərbaycan hökuməti səhhətindəki problemlərin aşkara çıxmasından ehtiyat edərək qardaşımın xarici həkimlər tərəfindən müayinə olunmasına da imkan vermir.

Hazırda qardaşım oturduğu yerdən qalxmaqda və yeriməkdə çətinlik çəkir, bütün cəhdlərimizə rəğmən onun hərəkət qabiliyyətinin məhdudlaşmasının qarşısının alınması ilə bağlı hər hansı tibbi tədbir görülmür.

Bu ilin aprelində Londonda MRT müayinəsinə girən qardaşıma ilkin olaraq “Degenerative changes and L4 nerve irritation” (Degenerativ dəyişikliklər və L4 sinirinin qıcıqlanması) diaqnozu qoyulub. Həkimlər yaxşı bilirlər ki, L4 siniri əsas oturaq sinirlərdən olduğundan sağrıdan aşağıya doğru kəskin ağrılarla müşayiət olunur. Onurğanın fəqərələrarası disklərində gedən degenerativ dəyişikliklərin səviyyəsini (qabarma, aşınma, protuziya və sair) bilmək üçün isə mütləq ya KT, ya da MRT tələb olunur.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tabeliyindəki tibbi qurumlarda çalışan, həkim andına xəyanət etmiş, vicdanının yerini unutmuş həkimlər və adekvatlıqda onlardan geri qalmayan rəhbərlik iki ayağını bir çalaya soxaraq dirənib ki, qardaşımın MRT olunmasına ehtiyac yoxdur, London həkimlərinə “daş çıxardan” Rəşad Hüseynlinin yazdığı “qabaqcıl müalicə metodu” olan “pertsovıy plastır” və ağrıkəsici məlhəmlə bel ağrıları keçəcək.

Çalanız dərin olsun!