Antimilli və korrupsioner ailə-klan rejiminin xalqa qarşı şiddətlənən repressiya siyasəti artıq ölkədaxili idarəçilik mexanizminin ayrılmaz və ən eybəcər bir hissəsinə çevrilmişdir. Rejim hakimiyyəti qorumaq, ömrünü uzatmaq üçün insan hüquq və azadlıqları, demokratik prinsiplərə dair Azərbaycan Konstitusiyasının və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktların tələbləti əleyhinə hər cür yaramaz addımları atmaqdadır. Hüquq-mühafizə orqanları qanunun aliliyi keşiyində durmaq əvəzinə, kriminal fəaliyyətlə məşğuldur: polis və prokurorluq orqanları siyasi motivli şərləmələr əsasında həbslər həyata keçirir, hakimiyyətin bir qolu olan məhkəmə institutu tamamilə iflasa uğrayıb, Prezident Administrasiyası və hüquq-mühafizə orqanlarının sifarişlərini təsdiqləyən formal orqana çevrilib. Demək olar ki, hüquq dəfn edilib, ölkədə ədaləti bərpa edəcək heç bir qurum yoxdur.

ADR siyasi partiya kimi dövlət qeydiyyatına alınmaq üçün altı dəfə müraciət etsə də, prinsipial müxalif mövqedə olduğuna və rejimin"meyarlarına" uyğun gəlmədiyinə görə, hər dəfə sənədlər qeydə alınmadan Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılıb.

Son qısa zaman kəsiyində ADR rəhbərliyinə münasibətdə repressiyalar görünməmiş həddə qədər şiddətlənib. ADR Partiyasının sədri professor Qubad İbadoğlu qondarma ağır cinayət maddələri ilə şərlənərək və prosessual pozuntular şəraitində haqqında 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib. Q.İbadoğlunun siyasi motivli həbsi və onun dərhal azad edilməsi barədə BMT İnsan Hüquqları Bürosunun, ABŞ Konqresinin, AŞPA-nın, beynəlxalq akademik ictimaiyyətin və s. çağırışları, hətta sağlamlığı ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilmir. Görünən odur ki, Azərbaycan hakimiyyəti Q.İbadoğlunun sağlamlığı ilə bağlı kritik durumdan sui-istifadə edərək, ya onu sındırmaq, susdurmaq, hakimiyyətin cinayətkar siyasətinə loyal münasibət həddinə gətirmək, ya da effektiv müalicəsinə şərait yaratmamaqla fiziki məhvini reallaşdırmaqda qərarlıdır...

ADR-in funksionerləri: ADR sədrinin müşaviri və İdarə Heyətinin üzvü Hüseyn Məlik, ADR Xəzər rayon TK-nin sədri Allahverdi Babayev və Qazax rayon TK- nin üzvü Vüsal Zeynalov mövqe, fikir və sosial şəbəkələrdəki yazılarına görə, lakin digər qondarma ittihamlarla şərlənərək uzunmüddətli inzibati həhslərə məhkum ediliblər. Hüseyn Məlik son 3 ayda dalbadal ikinci dəfədir ki, şərlənərək və həm də ikinci dəfə (10.10.2023-də) yataq şəraitində müalicə aldığı şəraitdə təkrarən 30 sutka inzibati həbsə məhkum edilib.

Həmçinin digər gerçək müxalif partiyaların üzvlərinin və inanclı insanların da repressiyaya məruz qoyulması halları kütləvi xarakter alıb.

ADR İdarə Heyəti olaraq və yuxarıda qeyd edilən kütləvi repressiya şəraitini araşdıraraq aşağıdakıları bəyan edirik:

1. Bildiririk ki, ADR qəbul etdiyi demokratik prinsiplərə sadiqdir və hakimiyyətin antikonstitusion fəaliyyətinə loyal münasibətdə olmaq mövqeyində deyil,

2. Hakimiyyətin kütləvi repressiya siyasətini hakimiyyətini itirəcəyi qorxusundan qaynaqlanan cəmiyyətə yönəlik psixoloji dövlət terroru və milli təhlükəsizlik əleyhinə yönəlmiş düşmənçilik siyasəti kimi dəyərləndiririk. Həmçinin bildiririk ki, bu siyasət məqsədyönlü şəkildə xalqa, azadlıqlara və demokratik inkişafa qarşı yönəldilməklə bərabər, siyasi rəqiblərin sıradan çıxarılmasına hesablanmış antikonstitusion fəaliyyət: cinayət tərkibli əməldir,

3. Professor Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı, Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü hüquqi öhdəliyə əsasən, dərhal və qeyd-şərtsiz icra edilməlidir.

4. ADR-ə, onun sədrinə, funksionerlərinə və digər azadfikirli insanlara qarşı aparılan kütləvi repressiya siyasəti cəmiyyətin müqavimətini qırmaq, kütləvi xof yaratmaq məqsədi daşıyır, psixoloji terror əməlidir və milli təhlükəsizliyə, demokratik dövlətçilik prinsiplərinə ölümcül zərbə vuran, Konstitusiyanın tələbləri əleyhinə yönəlmiş bu siyasət dərhal dayandırılmalıdır,

5. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADR Partiyasının sədri professor Qubad İbadoğlunun həbsinə verilmiş sifarişin dayandırılması barədə göstəriş verməli və qaldırılmış qondarma cinayət təqibinə son verilərək, o, dərhal azad edilməlidir,

6. ADR funksionerləri və digər siyasi məhbuslar azad edilməlidir: siyasi rejim nəhayət başa düşməlidir ki, bu addımı ilə imicini məhv etdiyi Azərbaycanın nüfuzunu büynəlxalq səviyyədə, qismən də olsa, bərpa edə bilər və bunu etməyə borcludur,

7. Ailə-klan rejimindən Azərbaycan Konstitusiyasının və insan haqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəliklərin tələblərinə əməl etməyi tələb edirik.

Bəyanat ADR İH-nin 12.10.2023-cü il tarixli toplantısında qəbul edilmişdir.