Rutgers Universitetinin tələbəsi Emin Bayramlı artıq bir neçə həftədir ki, Azərbaycanda həbs olunan atasının - ABŞ-da tanınmış professorun azadlığa çıxmasına nail olmaq üçün bütün sutkanı işləyir. Onun atası Qubad İbadoğlu viza əsasında ABŞ-da yaşayan və işləyən Azərbaycan vətəndaşıdır, tanınmış iqtisadçıdır, siyasi fəaldır...

...Rutgers Universitetinin Statistika fakültəsinin tələbəsi danışır ki, o hər gün saat 6-da oyanır, ABŞ dövlətinin nümayəndələri və senatorlarla görüşmək üçün qatarla Vaşinqtona gedir, günün böyük hissəsini orada keçirir. Sonra atasının azad olunmasına kömək edəcək elektron məktublara cavab yazır, dövlət nümayəndələrinin, vəkillərin və mətbuatın zənglərini cavablandırır.

Axşam saat 9-a qalmış Nyu-Cersiyə qayıdarkən yolda dərslərinə hazırlaşır, hər gecə yalnız bir neçə saat yata bili və səhər hər şey yenidən başlayır.

«Ailə bizim üçün çox vacibdir», — Emin belə deyir və əlavə edir: «Mən, qardaşım və bacım — atamın bizdən başqa kimi var ki?! Əgər söhbət atamın evə dönməsindən gedirsə, bizi heç kim saxlaya bilməz».

Emin iki həftədə bir dəfə atası ilə telefonla danışa bilir. Qubad İbadoğlunun tənzimlənməyən şəkərli diabeti, ürəyində problemləri var. Emin danışır ki, atam hər dəfə telefonda mənə narahat olmamağı, dərslərimə fikir verməyi tapşırır, deyir, hər şey yaxşı olacaq.

Konqresin bəzi üzvləri ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək diplomatik yollarla İbadoğlunun azad olunmasına yardım etməyə çağırıb.

Nümayəndələr palatasının Nyu-Cersi ştatından nümayəndəsi Frank Pallone Bayden administrasiyasını Qubad İbadoğlunun azadlığını təmin etməyə çağırıb: “Prinston və Rutgers universitetlərinin əməkdaşı olmuş Qubad İbadoğlunun azadlığı üçün təxirəsalınmaz addımlar atılması lazımdır, çünki onun sağlamlığı sürətlə geri gedir”.

Məqalədə Qubad İbadoğlunun ABŞ universitetlərindəki elmi-pedaqoji fəaliyyəti və Azərbaycandakı həbsi barədə də ətraflı yazılıb, vəkili Zibeydə Sadıqovanın və həyat yoldaşı İradə Bayramovanın fikirlərinə yer verilib.