Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ədliyyə Nazirliyinin bu partiyanı qeydiyyata almaqdan imtina etməsinə etiraz ediblər.

Aksiya iştirakçıları "Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasın qeydiyyata al!", "Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!" şüarları səsləndiriblər.

“Son ildə Ədliyyə Nazirliyi 9 siyasi partiyanı qeydiyyata alıb. Biz danışığa getmirik deyə bizi qeydiyyata almırlar. 2014-cü ildən bu prosesi uzadırlar. Biz heç bir danışıqlara getməyəcəyik, qanuni vasitələrlə  partiyanın qeydiyyata alınmasına nail olacağıq. Lazım gələrsə, Avropa məhkəməsinə qədər gedəcəyik”, - partiya fəalı Hüseyn Məlikov deyib.  

İştirakçılardan ikisi ədliyyə Nazirliyinə dəvət olunub və qəbul şöbəsinin rəisi Kamal Hüseynov qəbul edib.

Partiyanın sədr müavini Ədalət Yusibov bildirib ki, Hüseynov Ədliyyə Nazirliyinin rəhbərliyilə əlaqə saxlayıb, sonra cümə günü bütün sənədlərlə rəhbərliyə qəbula gəlməyi təklif edib ", - o deyib.

*Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də yaradılıb.  Təşkilata iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu rəhbərlik edir.