Bu gün (14 sentyabr, 2022) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təşəbbüsü ilə müxalif partiyaların nümayəndələrinin, ictimai birliklərin və ekspertlərin iştirakı ilə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı müzakirələr aparılıb. ADR sədrinin siyasi məsələlər və strategiyalar üzrə müavini, professor Adil Qeybulla görüş iştirakçılarını salamladıqdan sonra Partiyanın idarə heyətinin üzvü Əlövsət Sadıqlı yeni qanun layihəsinin dəyərləndirilməsi üzrə mövqe sənədini təqdim edib. Görüş iştirakçıları sənədi təqdir edib və imzalayıblar.
Çıxış edənlər yeni Qanun layihəsinin demokratiyanın inkişafı, azadlıqların təminatı və beynəlxalq aləmə inteqrasiya kursu ilə ziddiyyət təşkil etdiyi vurğulayıb. Qeyd olunub ki, Qanun layihəsi Konstitusiyanın, milli qanunvericiliyin, beynəlxalq konvensiyaların insan hüquq və azadlıqları sahəsində tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, Qanun layihəsində hakimiyyətin siyasi partiyalara nəzarətinin gücləndirilməsini, plüralizmin məhdudlaşdırılması, partiyaların qeydiyyatının və fəaliyyətinin çətinləşdirilməsi nəzərdə tutulur.
Tədbir iştirakçıları yekunda "Siyasi partiyalar haqqında" alternativ qanun layihəsinin hazırlanması haqqında razılığa gəliblər.