ABŞ-ın Prezidenti olmuş oğul Buşun adını daşıyan “George W. Bush Presidential Center” tanınmış iqtisadçı, London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi ilə məqalə dərc edib.

Məqalədə Qubad İbadoğlunun xüsusi zorakılıq tətbiq edilərək həbs olunmasından, ona qarşı uydurma ittihamlardan, ölkənin idarə olunması üsulundan və Azərbaycan məhkəmələrinin ədalətsizliyindən geniş bəhs olunub.

Yazının hazırlanması zamanı ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariçin, demokratiya məsələləri üzrə ekspert Cesika Lüdviqin və Qubad İbadoğlunun oğlu Emin Bayramlının fikirlərinə istinad olunub.

Riçard Kozlariç:

“Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, ölkədə məhkəmə sistemi sovet dövründəki kimi işləyir. Hüquq-mühafizə orqanları isə hələ də sübutların qabaqcadan “cinayət yerinə” yerləşdirilməsi və yalançı şahidlərin üzə durdurulması kimi sovet yanaşmasından geniş istifadə edirlər”.

Qubad İbadoğlu 2019-cu ildə Azərbaycanın Dövlət Neft Fondunun 20 illiyi münasibəti ilə yazırdı:

“Bayram etmək üçün heç bir səbəb yoxdur. Böyük xərcləmələrə baxmayaraq ölkənin regiondakı lider rolu getdikcə azalır, insanlar yoxsulluqdan və keyfiyyətsiz sosial xidmətlərdən əziyyət çəkirlər. Neft və qaz gəlirləri Azərbaycana nə rifah, nə də demokratiya gətirdi”.

Yazıda sonunda qeyd olunur ki, Bayden administrasiyası Qubad İbadoğlunun azad olunması üçün bütün vasitələrdən istifadə etməlidir:

“İbadoğlunun azad olunması məsələsi bu ilin dekabrında BMT-nin Atlantada keçiriləcək korrupsiyaya qarşı konfransının gündəliyinə salınmalıdır”.