ADR sədrinin müavini və İdarə Heyətinin üzvü, Kanal 13-ün aparıcısı Rüfət Muradlının həbsi ilə bağlı ADR İH-i etiraz bəyanatı ilə çıxış edib.

«23 iyul 2023-cü ildə beynəlxalq səviyyədə tanınmış iqtisadçı alim, ADR Partiyasının sədri və London İqtisadiyyat və Siyasi Elmlər məktəbinin professoru Qubad İbadoğlunun şərlənərək həbs edilməsi ilə başlayan yeni məzmunlu repressiya dalğası kütləvi xarakter almaqdadır. Fundamental insan hüquq və azadlıqları, liberal iqtisadiyyat və digər demokratik prinsiplərin daşıyıcıları Qərbə qarşı absurd mübarizə fonunda şiddətli təqiblərə məruz qalıb», - deyə sənəddə bildirilir.

Hazırda Azərbaycan həbsxanalarında 250 nəfərə yaxın siyasi məhbusun olduğu bildirilir: o cümlədən, onların arasında son illərdə həbs olunmuş Polad Aslanov, Əvəz Zeynallı, Elnur Şükürov, İlham Aslanoğlu (Təhməzov), Osman Nərimanoğlu (Rzayev), Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli (Məmmədov), Niyaməddin Əhmədov, Rəşad Ramazanov, Pünhan Kərimli, Samir Aşurov, Qubad İbadoğlu, Afiyəddin Məmmədov, Ülvi Həsənli, Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Əziz Orucov, Rza Səfərsoy, Nərgiz Absalamova və adı çəkilməyən çox sayda tanınmış siyasi, ictimai və mətbuat xadimləri də var. AXCP-nin 10-dan çox fəalı hazırda siyasi həbs həyatı yaşamaqdadır. Hətta təzyiq tədbiri kimi Müsavat Partiyasının Başqanı Arif Hacılının oğlu Orxan Hacılı da qondarma ittihamla həbs edilmişdir.

Dünən – 02.12.2023-cü il tarixdə isə ADR sədrinin müavini, Kanal 13-ün aparıcısı Rüfət Muradlı qondarma ittihamla şərlənərək həbs edilib, daha sonra bəyanatda vurğulanır.

Partiya,  professor Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusların azad edilməsini qətiyyətlə tələb edir.

 

ADR repressiya siyasətinə qətiyyətlə və təkidlə etirazıını bildirir, bu repressiyaların durdurulmasını qətiyyətlə tələb edir və hakim rejimi konstitusion normalara hörmətlə yanaşmağa dəvət edir.