
Sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilən Məhsa Əmininin ölümündən sonra ölkənin əksər vilayətlərində etirazlar başlayıb. İnsan haqları müdafiəçilərinin yaydığı məlumata görə, Güney Azərbaycanında ölkənin digər şəhərləri ilə birgə baş tutan kütləvi etiraz aksiyalarında 55-dən çox insan həyatını itirib, yüzlərlə etirazçı həbs olunub. Etirazlar zamanı 20 yaşlı gənc xanım Hadis Nəcəfi də öldürülüb. İranda mövcud hakimiyyət interneti və sosial şəbəkələri bağlamaqla baş verənlərə dair obyektiv məlumat axınının qarşısını alıb.
İranda mövcud siyasi rejim mahiyyətinə uyğun olaraq cəmiyyət üzərində əzici zorun gücünə tapınaraq 40 ildən artıq zamandan bəri Azərbaycanın cənubunda soydaşlarımıza qarşı apardığı diskriminasiya, asimliyasiya siyasətini daha vəhşi məzmunda son etirazlar zamanı davam etdirməkdədir. İran rejimi son günlər insan haqq və azadlıqlarının təmin olunması tələbilə ”Azadlıq, ədalət, milli hökumət” şüarı ilə etiraz aksiyalarına qalxmış soydaşlarımıza qarşı həbsləri və qətliamı davam etdirir.
ADR Partiyası Azərbaycanın güneyində yaşayan bacı və qardaşlarımızın haqq səsinə səs verəcəyini, onlara hər zaman dəstək olacağını, soydaşlarımızın "Azadlıq, ədalət, milli hökumət” çağırışını dünyaya çatdıracağını bəyan etməklə yanaşı İrandakı siyasi rejimdən insan haqq və azadlıqlarına sayğı ilə yanaşmağı, Azərbaycanımızın cənubunda xalqımıza qarşı yürütdüyü milli diskriminasiya və asimliyasiya siyasətinə son qoymağı, aksiya iştirakçılarına qarşı apardığı vəhşi qətliamları dayandırmağı tələb edir.
ADR Partiyası insan haqları müdafiəçilərini, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyəti və siyasi partiyaları İranda baş verənlərə biganə qalmamağa və bu bəyanata qoşulmağa çağırır.
Bakı şəhəri, 26 sentyabr 2022-ci il