Bu münasibətlə qardaşım Qubad İbadoğlunun Bakı İstintaq Təcridxanasından göndərdiyi təbriki təqdim edirəm.

- Ağlım kəsəndən ailəmizin təzə ili hamının bayram elədiyi ənənəvi təqvimdən bir neçə gün öncə - dekabrın 28-də, sənin mövludunla başlayır, Ana.

Həmin gün dünya gözümüzdə gözəlləşir, yenidən doğulur, saflaşır, göz yaşı kimi dupduru olur.

Sən bizə, ömrümüzə, taleyimizə Allahın bir lütfüsən, Ana.

Mən həbsə düşəndən sonra söylədiyin “Mən Qubadla fəxr edirəm” cümlən həbsxananın 14-15 kvadrat metrlik otağının dörd divarlıq sükutu içərisində elə əks-səda verdi ki, o səsi vicdanı kar olanlar belə eşitməyə məcbur oldular.

Bir bilsən, bu ağır günlərdə o doğma səs necə ayaqlarıma taqət, qəlbimə təpər oldu, mənəvi və fiziki ağrılarımı səngitdi, şeytanın belə ağlına gəlməyən böhtanları, saxta ittihamları səbrlə dinləməyə mətanət verdi, üzümə duran zavallıların üzünə gülümsəməyə dəyanət bəxş elədi, şiddətli ağrılardan yeriyə bilməyəndə, lap uşaqlıqdakı kimi əlimdən tutdu, məni ayaqda saxladı, yıxılmağa qoymadı.

Bir neçə aylıq ayrılıqdan sonra Kürdəxanı Təcridxanasındakı ilk görüşümüzdə zorla özünü tox tutmağa, gülümsəməyə çalışmağından anladım ki, zalımlar təkcə ədalətsizcəsinə övladların azadlıqlarını əllərindən almırlar, anaların ürəklərindəki sevinci, sifətlərindəki gülüşü, dodaqlarındakı təbəssümü də həbs eləyirlər.

Ürəyini sıxma, Ana, bu da bir sınaqdı.

Üzlərdən yalançı niqabların düşdüyü, saxtaların çıxdaş olduğu imtahandan sonra, doğrudur, sayımız azalacaq, ancaq sıralarımız aramızdan su keçməyəcək qədər sıxlaşacaq.

Və həm də saflaşacaq.

Gözəl Anam!

Ad günün mübarək olsun!

Çox yaşa, sağlam yaşa ki, biz qardaşların təzə il təqvimi hələ neçə-neçə illər səninlə birgə yenilənsin, dünyamız səninlə yenidən durulsun, halal ömrünün bərəkəti övladlarının ömürlərinə bərəkət qatsın, həyatlarını gözəlləşdirsin.

Oğlun Qubad

Kürdəxanı təcridxanası

27.12.2023