BMT-nin səhifəsində təşkilatın İnsan hüquqları üzrə xüsusi məruzəçisi və digər ekspertlərinin birgə hazırladığı “Azərbaycan: Hüquq müdafiəçisi, doktor Qubad İbadoğlunun və xanımının qanunsuz təqibi və həbsi” adlı hesabat yerləşdirilib.
Hesabat 13 oktyabr 2023-cü ildə Azərbaycan hakimiyyətinə təqdim olunub və suallara cavablar istənilib. Azərbaycan hakimiyyəti sualları 8 dekabr 2023-cü ildə cavablandırıb.
Qaydalara uyğun olaraq hesabat 60 gün məxfi saxlanılıb və dünən – 29 dekabr 2023-cü ildə açıqlanıb.
Hesabatda Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin verdiyi vəsatətlərin təmin edilməməsi, eyni zamanda, professorun vəkilləri ilə telefon əlaqəsi saxlaya bilməməsi, ailəsi ilə canlı görüşlərə icazə verilməməsi və digər hüquq pozuntuları barədə ətraflı bəhs edilib.