Dünyaca məşhur Bloomberg saytı 28 dekabr 2023-cü il sayında dünyadakı siyasi məhbuslara böyük bir məqalə həsr edib. Məqalə London İqtisad Məktəbinin və Drezden Tezxniki Universitetinin professoru Qubad İbadoğlu ilə başlayır və məqalənin böyük bir hissəsi onun barəsindədir. Məqalənin mətni kimi adı da təsirlidir: “Dünyadakı siyasi məhbusları unutmayın. Siz də onlardan biri ola bilərsiniz”
Çox təsirli məqalədən bəzi hissələri təqdim edirəm:
London İqtisad Məktəbinin dəvətli professoru Qubad İbadoğlu bu il qış tətilini xanımı, qızı və iki oğlu ilə birlikdə keçirməli idi. Onlar sadəcə birlikdə vaxt keçirmək, yemək yemək, şərab içmək istəyirdilər və çox güman ki, Temza çayı üzərindəki atəşfəşanlığa baxa-baxa 2024-cü ilə qədəm qoyacaqdılar. Ancaq Qubad İbadoğlu ailəsinin yanında ola bilmədi, çnki Azərbaycanda həbsxanada saxlanılır.
ABŞ-ın Princeton, Duke, North Carolina at Chapel Hill və Rutgers Universitetlərində dərs demiş iqtisadçı alim indi Azərbaycandakı 250 siyasi məhbusdan biridir...
Professorun oğlanları İbad və Emin deyirlər ki, qış tətillərinin əksər hissəsini atalarının səhhəti barədə düşünməklə, narahat olmaqla keçiriblər. Axı, atalarının ciddi ürək xəstəliyi və şəkərli diabeti var. Siyasi məhbuslar olan əksər ölkələr kimi Azərbaycan da tibbi yardımı norma halına salaraq bir silaha çevirib.
“Atam artıq sərbəst hərəkət edə bilmir”, bunu hazırda İsveçdə yaşayan İbad deyir. O da ABŞ-da yaşayan qardaşı Emin kimi hər sərbəst dəqiqəsini atasının azadlığa çıxması üçün hökumətlərdə və beynəlxlaq təşkilatlarda keçirir...
Azərbaycan hüquq-mühafizə orqanları 52 yaşlı İbadoğlunu saxta pul kəsməkdə ittiham edirlər. İki ay əvvəl isə müstəntiqlər bəyan etdilər ki, guya onun ofisində ekstremist dini ədəbiyyat tapıblar.
Mən ötən həftə Londonda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin xarici məsələlər üzrə müşaviri Hikmət Hacıyevlə rastlaşdım. O, istintaqın yekunlaşmadığını əsas gətirərərək məsələ ilə bağlı şərh verməkdən imtina etdi və İbadoğlunun Fətullah Gülənlə əlaqələrinin mövcudluğuna şübhələr olduğunu dedi.
Bunu İbad və Eminə deyəndə onlar güldülər və bildirdilər ki, onların atası hətta dindar belə deyil. Onların dediyinə görə, atalarının həbsinin səbəbi Böyük Britaniyada təhsil fondu təsis etmək olub. Fond dövlətin dəstək vermədiyi gənclərin xaricdə təhsil almasını maliyyələşdirmək məqsədilə yaradılmışdı. İbadoğlu özü bu barədə açıqlama verib demişdi ki, təqaüdlərin maliyyələşdirilməsi üçün azərbaycanlı məmurların Londonda müsadirə olunmuş çirkli pullarından istifadəyə cəhd olunacaq...
Hazırda İbad və Emin indi bütün diqqətlərini atalarının tibbi yardımla əhatə olunmasına yönəldiblər, onlar atalarının diabetik komaya düşməsi təhlükəsindən qorxurlar.