Princeton Universitetinin Ceyms D. Vulfenson adına Perspektiv Tədqiqatlar Mərkəzinin sosial elmlər üzrə professoru Didier Fassin ABŞ-ın Nyu-Cersi Ştatından olan xanım konqresmen Bonnie Wastona Azərbaycanda şərlənərək həbs olunmuş professor Qubad İbadoğlunun məsələsinin ABŞ Konqresində müzakirə olunması və təcili olaraq ona həkim ayrılması ilə bağlı müraciət edib.
Dörd səhifəlik məktubda Didier Fassin əsas diqqəti professor Qubad İbadoğlunun səhhətinə yönəldir, həyəcan təbili çalır və azərbaycanlı alimi girovluqdan qurtarmaq üçün bütün səyləri səfərbər etməyə çağırır.
Qeyd edim ki, professor Didier Fassin bütün dünyada tanınan və qəbul edilən sosioloq, antropoloq və həkimdir. O, daha çox sahə çalışmaları ilə məşhurdur. Professor Didier tanınmış University Paris North-un təsisçisidir, başda Böyük Britaniyanın məşhur Oxford Universiteti olmaqla dünyanın əksər reytinqli universitetlərində mühazirələr oxuyub, Fransada, Venesuelada, Seneqalda, Fələstində, Tunisdə ictimai səhiyyə, tibbi, siyasi və mənəvi antropologiya sahəsində empirik tədqiqatlar aparıb.
Ən əsası Didier Fassin vaxtilə professor Qubad İbadoğlu ilə birlikdə Princeton Universitetində çalışıb və onların arasında sıx dostluq münasibətləri var.