European Human Rights Advocacy Centre (EHRAC- Avropa İnsan Hüquqları Vəkillik Mərkəzi) London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun həbsindən sonra müdafiəsi ilə bağlı atılan addımlar haqda yazı dərc edib. Middlesex University-nin nəzdində yaradılan EHRAC beynəlxlaq müstəvidə Qubad İbadoğlunun hüquqlarının müdafiəsini həyata keçirir.

Yazıda Avropa Məhkəməsinin 39-cu qaydaya uyğun olaraq səhhəti kəskin pisləşən Qubad İbadoğlunun məsələsini növbədənkənar icraata götürdüyü və qətnamə qəbul edərək Azərbaycan hökumətinin üzərinə öhdəliklər qoyduğu bildirilir.

Məqalədə professor Qubad İbadoğlunun beynəlxlaq vəkili Toby Collis-in fikirlərinə də yer verilib: “Bizim vəsatətimizi təmin edən Avropa Məhkəməsi etiraf etdi ki, Qubad İbadoğlu Azərbaycanda qurama ittihamlarla həbs edilib, hakimiyyətin ən parlaq tənqidçisinin həbsi zamanı onun sağlamlığı ilə bağlı ciddi problemləri olduğu nəzərə alınmayıb və onunla ləyaqəti alçaldan, qeyri-insani rəftar olunub...

... Avropa Məhkəməsinin qərarından sonra biz Azərbaycandakı tərədaşlarımız Zibeydə Sadıqova, Şəhla Hümbətova və Səməd Rəhimli ilə birlikdə məhkəməyə 2 yeni vəsatət vermişik. Birinci vəsatətimiz həbsdə olan İbadoğlunun tibbi yardımla əhatə olunmaması (bu, qeyri-insani rəftar deməkdir) və tibbi xidmətin yaxşılaşdırılması üçün effektiv hüquqi vasitələrin olmaması ilə bağlıdır. İkinci vəsatətimiz isə Qubad İbadoğlunun tutulması və həbsdə saxlanılmasının qanunsuz olması, onun susdurulmasına hesablanılması və professorun ofisində və evində aparılan axtarışın qanunsuz olması və şəxsi mülkiyyət hüuqunun pozulması məsələlərini əhatə edir.”

Məqalədə professor Qubad İbadoğlunun xüsusi zorakılıqla həbs olunması, saxlanma şəraitinin və tibbi xidmətlə əhatə olunmasının bərbadlığı, Qızıl Xaçın professoru yerinə ziyarət etməsinə qadağa qoyulması və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Qalıb Toğrul