7 aya yaxındır ki, qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında saxlanlan qardaşımın səhhətində son günlər kəskin pisləşmələr qeydə alınıb. Növbəti endokrinoloq müayinəsindən sonra II tip şəkərli diabet xəstəsi olan qardaşıma polineyropatiya diaqnoz qoyulub, 10 günlük sistem köçürülməsi və sistem bitdikdən sonra bir aylıq dərman müalicəsi (Alfa lipoy turşusu) təyin edilib. Şənbə günü sistem üçün tələb olunan dərmanları və ləvazimatları Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə (“Sançast”) təqdim etmişik.
Şəkərin son 7 ayda bir gün belə aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və qardaşımın gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır. Analiz və müayinələrin nəticələrinin Ədliyyə Nazirliyi tərəfindən saxtalaşdırılması qardaşımın müvafiq keyfiyyətli tibbi yardımla əhatə olunmasını istisna edir ki, bu da hüquqi nöqteyi-nəzərdən (beynəlxalq insan hüquqları könvensiyalarına müvafiq olaraq) qeyri-insani rəftar və işgəncə hesab olunur.
Qardaşımın səhhətinin kəskin pisləşməsinə baxmayaraq Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir. Analiz və müayinələrin nəticələrinin saxtalaşdırılmasının bir səbəbi Avropa İnsan Hüquqları Məhkəməsini yanlış yönləndirməyə (aldatmağa) cəhddirsə, digər bir səbəbi yerli və beynəlxalq ictimaiyyətdə qardaşımın müalicə müəssisəsinə köçürülməsinə ehtiyac olmadığı qənaətini yaratmaqdır.
Tibbi sənədlərdə saxtakarlıq edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qardaşımın səhhətinin sürətlə pisləşməsini (faktiki vəziyyəti) artıq etiraf etməli olub ki, ona müalicə kursu təyin edilib. Əgər qanda gündəlik şəkərin səviyyəsi (qlükoza) və 3 aylıq orta şəkər (qlikohemoqlobin-gizli şəkər) göstəriciləri, Ədliyyə Nazirliyinin iddia etdiyi kimi, bu günədək həmişə norma daxilində olubsa, qardaşımın periferik sinirləri niyə zədələnib?
Hələ də qanda şəkərin yüksək səviyyəsinin qardaşımın digər daxili orqanlarında (böyrək, qaraciyər, göz və sair) hansı fəsadlara yol açmasından xəbərsizik, aortanın anevrizmasının (aortanın qalxan hissəsinin) hansı mərhələdə (diametrdə) olduğunu bilmirik, qalxanabənzər vəzin böyüməsini (şişməsini) vizual olaraq şənbə günü şüşə arxasından müşahidə etsək də, xəstəliyin irəliləməsi vəziyyəti və onurğadakı fəsadlar (protuziya, degenerasiya və sinir qıcıqlanması) barədə məlumatsızıq və sair və ilaxır.
Bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti (3 ay) başa çatır və bu 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb. O zaman nədən qardaşıma belə zülm yaşadırsınız?!
Əgər məqsədiniz Azərbaycanın işıqlı bir insanını öldürməkdirsə, niyə bunu tədricən, qardaşıma əzab verə-verə icra edirsiniz, 37-ci ildəki babalarınız kimi “insaflı” davranın, divara dirəyib güllələyin, bitsin!
Qalib Toğrul