Bu gün (17.02.2024) qardaşımla görüşdüm. Görüşə 7-ci sistemi qəbul edəndən sonra gəlmişdi, çox əsəbi, yorğun və bitkin görünürdü, ümumi (xroniki) yorğunluq sifətindən və hərəkətlərindən açıq-aşkar hiss olunurdu.
Qardaşıma sistem Bakı İstintaq Təcridxanasının “Sançast”ında köçürülür və sistem bitdikdən sonra 1 dəqiqə belə uzanıb dincəlməsinə imkan verilmədən, dərhal kamerasına aparılır.
Halbuki sistem köçürülməsi və digər bu kimi kompleks (stasionar) müalicə tədbirləri üçün Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsi var. Ancaq Ədliyyə Nazirliyi, nazirliyin Tibb Baş İdarəsi və Penitensiar Xidmət səhhətində ağırlaşmalar qeydə alınan qardaşımı məqsədli şəkildə ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürməkdən imtina edir.
Məqsəd təcridxanada olduğu müddətdə qardaşımın orqanizminin hissə-hissə sıradan çıxarılması, onun yarımcan hala salınmasıdır!
Qardaşımın bəzi xəstəlikləri bilərəkdən yanlış müalicə edilir, bəziləri isə ümumiyyətlə etiraf olunmur (inkar edilir) və nəticədə keyfiyyətli (adekvat) tibbi yardımla əhatə olunmur, üstəlik qeyri-insani rəftara məruz qoyulur. Normadan artıq şəkərin, yüksək arterial təzyiqin, kəskin bel və ayaq ağrılarının, əsəb (sinir) pozğunluğunun mütəmadiliyi artıq qardaşımın orqanizmini çökdürüb.
Gündə iki dəfə, 26 vahid insulin və 1000 mg-lıq “Galvusmet” qəbul edən qardaşımın bu gün səhər aclıq şəkəri 240, yeməkdən 2 saat sonrakı toxluq şəkəri isə 310 olub. Bu, hələ son günlər qeydə alınan ən aşağı şəkər göstəriciləridir ki, hər ikisi normadan ən azı 1,5 dəfə çoxdur.
İnsulini qəbul edəndən sonra qardaşımda taxikardiya xəstəliyi yaranıb, ürək döyüntüsü ən yaxşı halda 110 olur. Bu və yüksək arterial təzyiq qardaşımın ürəyindəki aortanın anevrizması xəstəliyi üçün ən böyük təhdiddir.
Bel və ayaq ağrıları bel-oma nahiyəsindəki degenerativ disk xəstəliklərindən - subxondral sklerozdan (qığırdağın altında yerləşən sümüyün sərtləşməsi), osteofitdən (dayaq-hərəkət aparatının zədələnməsi nəticəsində oynaqların səthində əmələ gələn sümük toxumasının böyüməsi) və protruziyayadan (disk qabarması) qaynaqlanmaqla yanaşı, diabetik polineyropatiyanın nəticəsidir.
Buradan bir daha Ədliyyə Nazirliyini, nazirliyin Tibb Baş İdarəsini, Penitensiar Xidməti və Ombudsmanı vəzifə məsuliyyətlərini dərindən dərk edərək professor Qubad İbadoğlunun təcili olaraq ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülməsini təmin etməyə və bütün vicdanlı insanları qardaşımın düşdüyü ağır duruma səssiz qalmamağa çağırıram!
Qalib Toğrul