Bildiririk ki, xüsusi sifariş əsasında şərlənərək yeddi ay əvvəl həbs edilmiş ADR Partiyasının sədri, professor Qubad İbadoğlu haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 fevral 2024-cü il tarixdə 3-cü dəfə qeyri-qanuni, heç bir maddi-hüquqi əsas olmadan 3 ay da uzadıldı.
ADR İdarə Heyəti olaraq bəyan edirik ki;
• Dr.Qubad İbadoğlu hər hansı bir cinayət əməli törətdiyinə görə yox, bilavasitə rejim rəhbərinin tapşırığı əsasında həbs olunub.
• Xüsusi göstəriş əsasında həbs edildiyi üçün Dr.İbadoğlunu yalnız siyasi məhbus yox, həm də mövcud rejimin girovu hesab edirik.
• İlk həbs qətimkan tədbirindən ötən yeddi ay müddətində, demək olar ki, heç bir istintaq hərəkəti edilmədiyi halda, müddətin daha üç ay uzadılması hakimiyyətin fakt qarşısında qaldığının, istintaq hərəkətinə əsas verən hər hansı tutarlı sübut materialı əldə edə bilməməsinin sübutudur.
• Həmçinin həbs qətimkan tədbiri müddətinin 3-cü dəfə qeyri-qanuni şəkildə uzadılması hakim rejimin dövlət gücündən və resurslarından sui-istifadə edərək, ağır xəstəliklərdən əziyyət çəkən professor Q.İbadoğlunu həbsdə saxlamaq və müalicəsinin əlçatımlılığını qeyri-mümkün etməklə, fiziki və mənəvi işgəncələr altında tədrici olaraq cismən məhv edilməsində qərarlı olduğunun göstəricisidir və şübhəsiz ki, bu, siyasi məhbusun ölümə tərk edilməsi kimi ağır cinayət əməlidir.
• Tam əminliklə bildiririk ki, rejimin professor Qubad İbadoğluya olan bu münasibəti onu özünə real rəqib hesab etməsindən, xüsusilə də, Dr.İbadoğlunun stedadlı gənclərin xaricdə təhsilinə yardım etməklə onların Azərbaycanın idarəçiliyinə gətirilməsi planının yaratdığı ciddi narahatlılıqdan qaynaqlanır.
Odur ki, saxta ittihamlarla Dr. Qubad İbadoğlu haqqında seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasının heç bir maddi-hüquqi əsası olmadığı halda, Nərimanov Rayon Məhkəməsinin 15.02.2024-cü il tarixli müvafiq qərarının ləğv edilməsini Azərbaycanın müvafiq hakimiyyət orqanından (Bakı Apellyasiya Məhkəməsindən) qətiyyətlə tələb edirik.
ADR İH olaraq, professor Qubad İbadoğlu başda olmaqla, bütün siyasi məhbusların azad edilməsi və siyasi təqiblərin dayandırılmasını Azərbaycan hakimiyyətindən tələb edir, mövcud rejimi demokratiya, insan haqları və qanunun aliliyi prinsipinə riayət etməyə dəvət edir, Azərbaycan xalqını öz taleyinə biganə qalmamağa, demokratiya, insan haqları və azadlıqları prinsiplərinin qorunması ideyası ətrafında – hüquqsuzluğa qarşı mübarizəyə səfərbər olmağa çağırırıq.
Bakı şəhəri.
18.02.2024-cü il.