Nyu-Cersi Ştatının senatının professor Qubad İbadoğlunun həbsdən azad olunması məqsədilə Azərbaycanla iqtisadi əlaqələri qadağan edən qanun layihəsi hazırlaması Azərbaycanın ABŞ-dakı Səfirliyində qəzəb doğurub.
Qubad İbadoğlunun ABŞ-da yaşayan oğlu, Rutgers Universitetinin tələbəsi Emin Bayramlı qanun layihəsini hazırlayan senator Andrew Zwickerlə görüşüb.
Andrew Zwicker deyib ki, Nyu-Cersi Senatının bu sahədə artıq təcrübəsi var: “Ştat bir neçə il öncə insan hüquqlarının kobud şəkildə pozulduğu ölkələrə sanksiya tətbiq edib. Məsələn, 2022-ci ildə Ukraynaya hücum etməsi səbəbindən Rusiya ilə və Rusiyaya dəstək verdiyinə görə Belarusla ticarət münasibətlərinin məhdualaşdırılmasını nəzərdə tutan qanun qəbul edib.
Azərbaycanlı diplomatların qəzəbinə gəlincə, məlum qanun layihəsi təqdim olunandan sonra onlar Trentonun (Nyu-Cersi Ştatının paytaxtı) yolunu su yoluna döndəriblər. Diplomatlar iş-güclərini atıb, burada qanunun layihəsinin əleyhinə lobbiçiliklə məşğuldurlar. Azərbaycan səfirliyindən dəfələrlə zəng edib, qanun layihəsini gündəliyə salınmaması xahişi ilə yalvarırlar. Onlar bu qanun layihəsinə görə havalanıblar və bu, məni xoşbəxt edir.”
Rəsmi məlumatlara görə Azərbaycanın yüksək rütbəli məmurlarının ABŞ-da, o cümlədən Nyu-Cersidə biznesləri var. Əgər sanksiya ilə bağlı qanun layihəsi Nyu-Cersi senatından keçsə, bu, onların biznesinin sonu deməkdir.
Emin Bayramlının fikrincə, bu qanun layihəsi ştatın öz sakinlərini, o cümlədən vaxtilə Rutgers Universitetində dərs demiş Qubad İbadoğlunu müdafiə etməsinin bariz nümunəsidir. Ən əsası bu qanun layihəsi Azərbaycana sanksiyaların tətbiqi ilə bağlı yaxşı bir presedent yarada bilər.
Qalib Toğrul