Əliyev rejimi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının qeydiyyatına əngəllərini davam etdirir, siyasi hakimiyyət partiyanın qeydiyyatına hər vasitə ilə mane olmağa çalışır və bu prosesə məhkəmələri də qoşur. Belə ki, 27 sentyabr 2022 ci il tarixində hakim Mirzə Tağızadə ADR Partiyasının qeydiyyat sənədlərini son 1 il ərzində 4 dəfə geri qaytaran Ədliyyə Nazirliyi ilə bağlı Partiyanın şikayətinə Apellyasiya Məhkəməsində baxılmasının mümkünsüzlüyünə dair qərar çıxarıb. Partiyanın vəkili ADR-in kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib. Gözləntilərə görə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən birinci instansiyaya qaytaracaq. Burada məqsəd ADR Partiyasının şikayətini Apellyasiya Məhkəməsi ilə Ali Məhkəmə arasında bir-birinə ötürməklə Partiyanın Azərbaycanda dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməsinə imkan verməməkdir. Bütün bu baş verənlər ADR Partiyasının müstəqil mövqeyi və siyasi hakimiyyətlə sövdələşməyə gedib onların nəzarətində verilən təlimatlarla cızdığı çevrədə fəaliyyət göstərməməsi ilə əlaqədardır.
ADR Partiyası hesab edir ki, “Siyasi Partiyalar haqqında” yeni mürtəce Qanun layihəsinin hazırlandığı indiki dönəmdə ADR Partiyasınin qeydiyyatinin suni yollarla əngəllənməsi təsadüfi deyildir.
ADR Partiyası bəyan edir ki, Partiyanın nə qeydiyyat, nə də fəaliyyət məsələsi siyasi müzakirə predmeti ola bilməz. Partiyanın qeydiyyata alınmaması siyasi hakimiyyətin ADR Partiyasının böyüməsinin əngəllənməsi planının tərkib hissədir. Rejim rəhbərliyi cəmi 1 ildir fəaliyyət göstərən və hər gün böyüyən ADR Partiyası ilə müqayisədə cəmiyyətdə nə qədər kiçildiyinin fərqindədir.
ADR Partiyası bəyan edir ki, rejimin sərbəst siyasi hərəkətlərimizi məhdudlaşdıran qərarları bizim fəaliyyətimizi çərçivələyə, üzvlərimizi ruhdan sala və ümumi hədəflərimizdən yayındıra bilməz.
Bakı şəhəri, 20 oktyabr 2022-ci il