Qardaşımın saatbasaat, dəqiqəbədəqiqə pisləşən səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və Penitensiar Xidmət hər hansı əməli addım atmaq fikrində deyil. Dünənki görüşdə (24.02.24) qardaşım bildirdi ki, sonuncu görüşümzdən keçən ötən 7 gün ərzində hər hansı müayinədən keçirilməyib, ondan analiz üçün qan götürülməyib. Qardaşımın səhhəti ilə bağlı bir an belə azalmayan narahatlığımız, çox təəssüf ki, aktuallığını qoruyur: Navalnının şübhəli ölümündən sonra sanki tikan üstündə oturmuşuq.

Müayinə etməmələri bir yana, Bakı İstintaq Təcridxanasının rəhbərliyi - çox güman ki, yuxarıdan gələn tapşırıq əsasında – qardaşımın ötən bazar günü (18 fevral 2024-cü il) öz şəkərölçən aparatı (qlükometr) ilə bir gündə 6 dəfə ölçüb vəkillər vasitəsilə ailəsinə göndərdiyi şəkər göstəricilərini yalanlamaq üçün hərəkətə keçib: Təcridxananın qlükometrini Tibbi-Sanitar Hissənin (“Sançastın”) feldşerinin qoltuğuna verib, qardaşımn kamerasına göndərib.

Bakı İstintaq Təcridxanasının qlükometri qardaşımın qanında səhər (yeməkdən öncə, acqarına) şəkərinin 264 mg/dl, yeməkdən iki saat sonrakı şəkərinin isə 291 mg/dl olduğunu göstərib.

Hə hikmətdirsə, cansız-qansız qlükometr Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin, Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının canlı-qanlı rəhbərlərindən fərqli olaraq ölçdüyü göstəriciləri saxtalaşdırmır, nə varsa onu göstərir.

Şəkəri normadan dəfələrlə yüksək olan qardaşım adekvat tibbi yardım – müayinə və müalicə ilə əhatə olunmadığından hazırda narahatlığımız ən yükəsk səviyyədədir.

Qalıb Toğrul

May be an image of 1 person and text that says "VOA"