“İNDİ NƏ OLDU, AZƏRBAYCANLILAR İNSAN DEYİL”
İsveçin ən çox satılan qəzeti “Aftonbladet” London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı məqalə dərc edib. Məqalənin başlığı belədir: “Azərbaycanda Lund Universitetinin tələbəsinin atasına işgəncə verirlər: Beynəlxlaq aləm hərəkətə keçməlidir”.
Məqalədə professorun hazırda İsveçdə yaşayan qızı Lund Universitetinin tələbəsi Jalə Bayramovanın fikirlərinə də yer verilib.
Məqalədə yazılır:
“Jalə Bayramovanın atası, tədqiqiatçı və ictimai xadim, professor Qubad İbadoğlu Azərbaycanda olan korrupsiyanı araşdrıdığına görə hazırda həbsxanaya salınıb və işgəncələrə məruz qalıb. Jalə Bayramova İrana və Rusiyaya tətbiq olunan sanksiya tədbirlərinin Azərbaycana da qoyulmasını istəyir. Hazırda o, atasının azad olunması üçün vəkillərlə birgə Avropa İnsan Hüquqları Məhkəməsində ağır mübarizə aparır. Ancaq vaxt azdır. Çünki atasının səhhəti gündən-günə daha da kritik hala gəlir.
Jalə deyir ki, beynəlxalq aləm bu barədə hər şeyi bilsə də, onların səyləri yetərli deyil. Avropa Birliyi və BMT Qubad İbadoğlunun və digər siyasi məhbusların azad olunması üçün qəti tədbirlər görməlidir.
Jalə beynəlxalq aləmin Azərbaycandakı biznesinə görə qorxduğunu deyir:
“Onlar bizneslərini itirəcəklərinə görə qorxurlar. Ancaq Avropa Birliyi həmişə təkrarlayır ki, bizim üçün ən önəmlisi insan hüquqlarıdır. İndi nə oldu, azərbaycanlılar insan deyil?!"
Qubad İbadoğlu uzun illər demokratik Azərbaycan uğrunda mübarizə aparıb. Bundan əlavə ölkədəki korrupsiya faktları ilə bağlı böyük araşdırmalar edib.
O bu gün 15 kvadrat metrlik balaca həbsxana kamerasında saxlanılır. Ona tibbi yardım göstərməkdən imtina edirlər. Yalnız vəkillərlə görüşür ki, bu da ciddi nəzarət altında olur.
İsveçin Xarici İşlər Nazirliyi onun atasının azad olunması ilə bağlı böyük işlər görür. Təbii ki, danışıqlar bağlı qapılar arxasında aparılır. Jalə İsveçin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirir: “Onlar mənə qarşı çox həssas davranırlar, həmişə dinləyirlər, kömək etməyə çalışırlar.”