Martın 6-da ölkənin azad media institutlarından olan Toplum TV-nin ofisi polis müdaxiləsinə məruz qalıb. DİN-in mətbuat xidmətindən isə absurd şəkildə bildirilib ki, güya paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib və bu anadək kanalın əməkdaşları Fərid İsmayılov, Pərvanə Qurbanlı, Elmir Abbasov, Cavid Ramazanov, Cəmilə Əzimova, Gülyetər Mahmudova, Fidan Əlicanova, Alya Ağayeva, Taleh Bədəlov, eləcə də kanalın təsisçisi Akif Qurbanovla yanaşı , 3-cü Respublika Platformasının daha iki üzvü Ruslan İzzətli və Araz Əliyev də saxlanılıblar.
Qeyd edək ki, hakimiyyət son 6 ayda internet tv-lərin üzərinə total hücuma keçib. Ötən müddətdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov, Hafiz Babalı, Kanal 13-ün Bakı ofisinin rəhbəri Əziz Orucov, kanalın jurnalisti Şamo Emin, "Time TV Azerbaijan"ın Azərbaycan təmsilçisi, "Kanal 11"-in təsisçisi Teymur Kərimov həbs ediliblər . Artıq Xural Media Yayımları MMC-nin rəhbəri Əvəz Zeynallı 9 il, “Səda” internet kanalının rəhbəri Elnur Şükürov 4 il, Osman Nərimanoğlu 6,5 il azadlıqdan mərhum edilib. Gəncə regionda fəaliyyət göstərən bölgə jurnalisti Ərşad İbrahimli 2021-ci ildə 200 manat rüşvət alma bəhanəsilə həbs olunub, istintaq altındadır. Şimal bölgəsində jurnalist kimi fəaliyyət göstərən Cəmil Məmmədliyə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı 9 il cəza istəyib. ADR İH-nin üzvü, Kanal 13 TV-nin aparıcısı Rüfət Muradlı da şərlənərək 30 sutka inzibati cəzaya məhkum edilərək azadlıqdan məhrum olunmuşdu.
Təəssüf ki, müstəqil mətbuata hücum davam edir və hakimiyyətin ölkəni Şimali Koreyaya çevirmək yönündə səyləri günbəgün artır.
ADR İdarə Heyəti olaraq dövlətimiz və dövlətçiliyimizə qarşı bu nəhs prosesin dərhal dayandırılmasını və şərlənərək həbs edilmiş media nümayəndələrinin dərhal azad edilmələrini tələb edirik .