Professor Qubad İbadoğlu dünyanın harasında olursa olsun, hər il ilaxır çərşənbədə Azərbaycan xalqını təbrik edərdi. Novruz Bayramı xalqımızın tarixi yaddaşının önəmli bir parçası olduğundan qardaşım bu bayramı çox sevir.

Xalqımızın inancına görə, Novruzu 1 il öz Vətənində keçirməyən adam bu bayramı 7 il öz yurdunda qarşılaya bilmir, qürbətdə keçirir.

Tale elə gətirdi ki, qardaşım son 8 ildə bu bayramı qürbətdə - əvvəl ABŞ-da, sonra isə Böyük Britaniyada qarşıladı.

Bu gün Qubad İbadoğlunun sonuncu bayramı Vətəndə keçirməsindən 9 il ötür.

Hazırda qardaşım 2024-cü ilin ilaxır çərşənbəsini Kürdəxanıda, dəmir barmaqlıqlar arxasında – Bakı İstintaq Təcridxanasında qarşılayır.

Bir az öncə zəng edən qardaşım bu ağır və iztirablı günlərin tezliklə sona çatması ümidi ilə xalqımızın bütün saf və qəlbi təmiz övladlarını təbrik elədi və onların bayram axşamı tutduqları bütün niyyətlərinin hasil olmasını arzuladı!