Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının yaranmasından 1 il ötdü. Bir il tarix üçün çox qısa müddət olsa da, ölkənin ictimai-siyasi həyatında baş verənlərə münasibətdə doğru mövqe tutmağı, xalqın dərdlərini ölkənin gündəliyinə çevirməyi, ədalətsizliyə, haqsızlığa, korrupsiyaya, talançılığa son qoymaq üçün demokratik siyasi mübarizə vasitələrindən istifadə etməyi bacardıq. Bütün bunlar Partiyamızın ömrünü xalqın yolunda şam kimi ərtiməyə and içmiş fədakar sıravi üzv və təəssübkeşləri sayəsində mümkün oldu.

Bu gün Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq demokratik dövlət, azad cəmiyyət və firavan həyat quruculuğu yolunda mübarizə aparan, haqsızlığa susmayan hər bir ölkə vətəndaşının əməyini yüksək qiymətləndirir, əqidə və mübarizə yoldaşlarımla ən qısa zamanda ölkəmizdə azad sözə, müstəqil düşüncəyə münbit mühit yaratmaq və demokratik idarəetmə təsisatlarını bərpa etmək uğrunda sonadək mübarizə aparacağımızı bir daha bəyan edirik!

Bununla yanaşı nəzərə alın ki, ADR Partiyasının böyüməsi Azərbaycanda avtoritaritarizmin kiçilməsi deməkdir. Hazırkı iqtidar ADR-in böyüməsindən çox narahatdır, bu prosesin qarşısını almaq üçün Ədliyyə Nazirliyi qeydiyyat üçün müraciətimizi ötən 1 il ərzində 4 dəfə geri göndərib, Apelyasiya Məhkəməsi ADR Partiyasının Ədliyyə Nazirliyinə qarşı iddiasını mümkünsüz hesab edib. Odur ki, hüquqi dövlət, liberal iqtisadiyyat, azad və firavan həyat, ləyaqət və ədalət naminə hər kəsi ADR-ə üzv olmağa və mübarizəmizə güc qatmağa dəvət edirəm.

Ən xoş arzularla,

Qubad Ibadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri