Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət 9 aydır ki, gülünc ittihamlarla Bakı İstintaq Təcridxanasında saxlanılan London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun saxlanma şəraiti və ağırlaşan səhhəti ilə bağlı vəkillərə, ailəsinə, Ombudsmana, Avropa İnsan Hüquqları Məhkəməsinə və özündən daha yuxarı orqanlara yalan məlumatlar verməkdən (“gözə kül üfürməkdən”) usanmır. Daha doğrusu, utanmır!
Ədliyyə Nazirliyinin Ombudsmanın sorğusuna verdiyi sonuncu - 2 Aprel 2024-cü il tarixli, 2-5/2-7969/2024 №-li cavab məktubundakı yalanlar artıq həyasızlığın son həddidir.
YALAN 1. Onun (Qubad İbadoğlunun-red.) öz istəyi ilə gündəlik gəzinti müddəti artırılmışdır.
- Qardaşım Bakı İstintaq Təcridxanasında saxlanıldığı 257 gündə bir gün belə gəzintiyə çıxarılmayıb. Halbuki Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na görə onun gündəlik ən azı 2 saat gəzinti hüququ var:
“8. Həbs edilmiş şəxslərin davranış qaydaları
8.1. Həbs edilmiş şəxslərin hüquqları aşağıdakılardır:
...
8.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;
…”
YALAN 2. Endokrinoloqun sonuncu baxışı 18.03.2024-cü il tarixdə aparılmış, xroniki patologiyanın gedişatında ağırlaşma və ya narahatlıq doğuran kəskin hal izlənilməmiş, pəhriz tövsiyələri verilmiş və müalicə təyinatı korreksiya olunmuşdur. Aparılan çoxsaylı tibbi məlumatlandırılmaya və izahedici söhbətlərə baxmayaraq, o, pəhrizini gözləmir və belə təəssürat yaranır ki, o, bunu bilərəkdən edir.
- Məhz Ədliyyə Nazirliyi qəsdən belə təəssürat yaratmağa çalışır ki, guya qardaşım bilərəkdən müalicəsini pozur, həkimlərin dediklərinə əməl etmir. Bununla baş verə biləcək (gözlənilən) ağır nəticələrdən özlərini sığortalamağa çalışırlar. Qardaşım təcridxanada nə qədər mümkünsə, o qədər pəhriz saxlamağa çalışır. Ailəsi olaraq qardaşıma verdiyimiz həftəlik ərzaqlarda pəhrizi gözləməyə çalışırıq. Siz nə edirsiniz? Qardaşıma nə zaman pəhriz yeməkləri verdiniz ki, o, bundan imtina elədi? 257 gün öncə qardaşım şəkərini 2 tabletka ilə tənzimləyirdi. Hazırda qardaşım sizin bivec endokrinoloqun təyinatı ilə gündə 30 vahid insulin vurur, ancaq yenə də şəkəri 330-350 mg/dl arasında dəyişir. Bunun nə demək olduğunu bəlkə sizin həkimlər bilməz (bilmək istəməz), ancaq əsl endokrinoloqlar yaxşı bilirlər ki, bu, daxili oqranların sürətlə və birdəfəlik (geri dönüşü olmayan şəkildə) sıradan çıxması deməkdir!
Yalan 3. USM müayinədə prostat vəzin hiperplaziyası izlənildiyi üçün ona “Omnik” preparatı ilə müalicə təyin edilmiş, lakin o, qısa müddət dərmanı qəbul etdikdən sonra müalicəni özbaşına dayandırmışdır. Laborator müayinələrdə prostatla bağlı aidiyyəti analizlərin nəticələri norma civarındadır.
- Ədliyyə Nazirliyi savadsız həkimlərinin apardığı yarıtmaz müalicənin fəsadları ilə bağlı bütün məsuliyyəti birmənalı şəkildə qardaşımın üzərinə yıxmağa çalışır. Demək, qardaşıma prostatla bağlı “Omnik” təyin edildikdən dərhal sonra biz Bakıdakı Alman aptekindən qeyd olunan dərmanın orijinalını – “Tamsulosin”i alıb, qardaşıma çatdırmışıq. 1 kurs (90 günlük) müalicədən sonra qardaşım prostatla bağlı narahatçılığının qaldığını dediyinə görə, Almaniyadan daha 90 ədədlik “Tamsulosin” gətizdirib, qardaşıma vermişik. Qardaşım onu da qəbul edib. Dərmanların qardaşıma çatdırılması Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinin həkimləri vasitəsilə həyata keçiridiyindən (bunun başqa yolu yoxdur) sənədləşdirilib. İndi Ədliyyyə Nazirliyi ağ yalan danışır. Əslində, öz yalanlarını özləri ifşa edirlər, yazırlar: “Laborator müayinələrdə prostatla bağlı aidiyyəti analizlərin nəticələri norma civarındadır.” Ay filan-filan şüdələr, əgər qardaşım dərmanı qəbul etməkdən intina edibsə, prostatla bağlı analiz nəticələri necə qaydasında olub? Bununla öz yalanınızı özünüz təkzib etmirsinizmi? Siz prostatla bağlı heç bir laborator müayinə aparmamısınız! Sadəcə, qardaşımın xəstəlikləri ilə bağlı həyasızcasına inkar yolunu tutmusunuz.
Yalan 4. Qubad İbadoğlunun mövcud sağlamlıq durumu onun Müalicə Müəssisəsinə köçürülməsinə əsas vermir və bunun üçün hazırda zərurət yoxdur. Ona baxış keçirən mütəxəssislər də buna tibbi zərurət görmürlər.
- Qardaşım təcridxanaya düşəndə aortanın anevrizması xəstəliyindən əziyyət çəkirdi, belində sinirlərin degenerasiyası qeydə alınmışdı, gəzinti və 2 tabletka ilə tənzimlədiyi şəkəri vardı. İndi bu xəstəliklərin üzərinə saxlanma şəraitinin dözülməzliyi və həkimlərinizin səbatsızlığı ucbatından
a) qalxanabənzər vəzdə düyünlər;
b) böyrəklərdə səbəbini bilmədiyimiz ağrılar;
c) əldə və ayaqlarda sinir uclarının zədələnməsi – polineyropatiya;
ç) göz dibinin (tor qişanın) sıradan çıxması – retinopatiya;
d) xroniki yorğunluq;
e) nevroz;
ə) subxondral skleroz (qığırdağın altında yerləşən sümüyün sərtləşməsi);
f) osteofit (dayaq-hərəkət aparatının zədələnməsi nəticəsində oynaqların səthində əmələ gələn sümük toxumasının böyüməsi);
g) protruziya (disk qabarması);
ğ) prostat vəzinin böyüməsi
və sair saysız-hesabsız xəstəliklər əlavə olunub.
Bütün bunlardan sonra qardaşımın Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac görməyən mütəxəssislərinizdə ədalət hissi və vicdanın mövcudluğuna şübhə edirəm.
Qalib Toğrul
Like
Comment
Share