Həbsxanaya məhkum edildiyi son 9 ayda qardaşımın qan şəkərinin düşməməsi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu Lalə Şamxalovanın bilmədiyimiz səbəblərdən yanlış müalicə aparması barədə (heç vaxt insulindən istifadə etməmiş qardaşıma bir sutkada 30 vahid insulin və əlavə bir neçə tabletka təyin etmişdi) mütəmadi məlumatlar paylaşmışam.

10 gün öncə qardaşımı Tibb Baş İdarəsinin göndərdiyi başqa bir endokrinoloq müayinə edib və tamamilə fərqli müalicə yazıb, insulinin gündəlik dozasını əhəmiyyətli şəkildə azaldıb. Endokrinoloq qardaşımın əllərində, xüsusilə ayaqlarında periferik sinirlərin zədələnməsi (polineyropatiya) faktını təsdiq edərək ona “Milgamma protekt” (300 mq) müalicəsi də təyin edib.

Bu müalicəyədək qardaşıma fevralın əvvəlində 10 gün “Thiogamma” sistemi köçürülüb və sistem bitdikdən sonra qardaşım gündə 1 tabletka olmaqla 2 ay “Thiogamma” (600 mq) qəbul edib.

Həm “Thiogamma”, həm də “Milgamma protekt” diabetik neyropatiyanın (periferik sinirlərin çoxsaylı zədələnməsi) müalicəsi zamanı istifadə olunur.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qardaşımda diabetik polineyropatiya xəstəliyinin olmasını inkar etdiyindən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi sənədlərdə qeyd olunan müalicələrin aparılmasını yazmağı bilərəkdən “unudur”.

Çox təəssüf ki, artıq polineyropatiya ilk fəsadlarını verməyə başlayıb: qardaşımın sağ ayağındakı baş barmaqdan sonrakı barmağın dırnaq hissəsində qaralma meydana gəlib, 10 gündən artıqdır ki, bu barədə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinə məlumat versək də, Ədliyyə Nazirliyinin həkimləru tərəfindən heç bir tədbir görülmür.

Anam Facebook-da yazılanları oxuduğundan - onun ağır şəkər və yüksək təzyiq xəstəsi olmasını nəzərə alıb - bu faktı ictimailəşdirmək istəmirdim. Ancaq artıq başqa yolun qalmadığını görürəm. Və buradan Ədliyyə Nazirliyindən təcili müvafiq tədbirlər görməyi tələb edirəm. Gecikmənin amputasiya daxil hansı dəhşətli sonluqlara səbəb olacağını düşünmək belə məni vahimələndirir.

Yüksək şəkər qardaşımın görməsində də problemlər yaradıb, onun yaxın və uzaq görməsi kəskin şəkildə zəifləyib. Bundan əlavə, gözlərinin önündə torlar əmələ gəlib. Bu da, çox təəssüf ki, qanda yüksək şəkərin gözün torlu qişasını (retinanı) zədələməsi (retinopatiya) deməkdir. Və bu geri dönüşü olmayan bir prosesdir. Əgər təcili qardaşımın göz dibinin müayinəsi həyata keçirilərək ona müvafiq müalicə (gözdaxili inyeksiyalar və ya lazer fotokoaqulyasiyası) təyin edilməsə, o görmə qabiliyyətini tamamilə və birdəfəlik (!) itirə bilər.

Sonda bizimlə kar-kor oyunu oynayan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qardaşımın Bakı İstintaq Təcridxanasında “qazandığı” xəstəlikləri bir daha xatırladır və təcili tədbirlər görməsini tələb edirəm:

1. Qalxanabənzər vəzdə düyünlər;

2. Başda və böyrəklərdə səbəbini bilmədiyimiz ağrılar;

3. Əldə və ayaqlarda sinir uclarının zədələnməsi – polineyropatiya;

4. Göz dibinin (tor qişanın) sıradan çıxması – retinopatiya;

5. Xroniki yorğunluq;

6. Nevroz;

7. Subxondral skleroz (qığırdağın altında yerləşən sümüyün sərtləşməsi);

8. Osteofit (dayaq-hərəkət aparatının zədələnməsi nəticəsində oynaqların səthində əmələ gələn sümük toxumasının böyüməsi);

9. Protruziya (disk qabarması);

10. Prostat vəzinin böyüməsi;

11. Ürəkdə diastolik disfunksiya;

12. Ürəyin sol mədəciyinin hipertrofiyası.

Ürəkağrısı ilə yazıram ki, həbsxanaya düşənədək qardaşımın gündəlik 1,5 tabletka ilə tənzimlədiyi şəkəri, bel-oma nahiyəsində sinir qıcıqlanması, ürəyində aortanın anevrizması xəstəliyi vardı.

Qalıb Toğrul

May be an image of 1 person and text that says "ÖLDÜRMA, AZAD ET! 274gün 274 gün"