Amnesty İnternational Azərbaycan prezidentinə iqtisadçı professor Qubad İbadoğlunu dərhal azad etmək çağırışı yer alan məktubla müraciət edib.

“2024-cü il aprelin 22-də 274 günlük həbsdən sonra tanınmış azərbaycanlı iqtisadçı və siyasi fəal Qubad İbadoğlu ev dustaqlığına çıxarılıb. Onun ev dustaqlığına köçürülməsi barədə qərar onun səhhətinin, o cümlədən şəkərli diabet və ürək xəstəliyinin pisləşməsi ilə əsaslandırılıb. Lakin o, azadlıqdan məhrum edilməkdə davam edir və ona tələb olunan tibbi yardımı almaq üçün Azərbaycanı tərk etməyə icazə verilmir,” məktubda deyilir.

Amnesty İnternational-ın bəyanatında əsas yeri İbadoğlunun səhhəti ilə bağlı ciddi problemlərin həll edilməsi zərurəti tutur.

Məktubda qeyd edilir ki, onun ürək xəstəlikləri, 2-ci növ şəkərli diabet, böyrək xəstəlikləri və kürəyində dəhşətli ağrılarla bağlı ağır vəziyyəti dərhal diqqət yetirilməsini tələb edir.

“Onun ev dustaqlığına keçirilməsi zahirən onun səhhətindəki bu problemləri təsdiq edirdi, lakin o, adekvat tibbi müalicə əldə etmək imkanından məhrum olduğu üçün reallıq acınacaqlı olaraq qalır”, məktubda qeyd edilib.

Amnesty İnternational-ın məktubunda İbadoğlunun əsas hüquqlarının təmin olunmasından imtina olunduğu qeyd edilir və ədalətli məhkəmə çağırışı yer alır.

Təşkilat prezident Əliyevi İbadoğluna qarşı bütün ittihamları ləğv etməyə, həm də onun xaricdə zəruri tibbi yardımı almaq üçün Azərbaycandan çıxışına şərait yaratmağa çağırır. Bundan başqa, məktubda hökumət israrla ölkə daxilində təxirəsalınmaz tibbi ehtiyaclarının qarşılanması üçün xarici tibb işçilərinin İbadoğluna kömək etməsinə icazə verməyə çağırılır.

Amnesty İnternational Azərbaycanda tənqidçilərin və dissidentlərin təqibi məqsədilə cinayət məhkəməsi sistemindən sui-istifadələrə son qoymağa, həmçinin Azərbaycanda hüquq müdafiəçilərinə, fəallara və jurnalistlərə qarşı siyasi motivli bütün ittihamları dərhal ləğv etməyə çağırır.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dustaqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.