Almaniyanın Bonn şəhərində keçirilən İqlim konfransında (Bonn Climate Change Conference) qərara alınıb ki, iştirakçıların yerləşdiyi Marriott otelinin binası gecə saatlarında hazırda qurama cinayət işi səbəbindən Azərbaycandan çıxışına qadağa, ölkədaxili hərəkətinə məhdudiyyət qoyulan London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun şəkli ilə işıqlandırılsın. İşıqlandırmada şəkillə yanaşı “Qubada azadlıq” sözləri də yazılıb.
Dünya miqyaslı professora dəstək aksiyası Beynəlxalq Qlobal Witness təşkilatının təşəbbüsü ilə baş tutub.
Qeyd edim ki, konfrans iyunun 3-dən başlayıb, bu ayın 13-dək davam edəcək. Yardımçı Qurumların 60-cı Toplantısı kimi tanınan Bonn İqlim Konfransı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalayan ölkələri bir araya gətirir.
Bonn İqlim Konfransı Dubayda keçirilən COP28 ilə Azərbaycanda keçiriləcək COP29 arasında həlledici birləşdirici nöqtə rolunu oynayır və onun nəticələri qlobal iqlim danışıqlarının növbəti mərhələsi üçün əsasdır.
Konfransa UNFCCC üzv olan ölkələrin hökumət və parlament nümayəndələri ilə yanaşı, şirkətlər, beynəlxalq və yerli QHT-lər, media daxil olmaqla 6000-ə qədər iştirakçı qatılıb.