Azərbaycan Demokratiya və Rifah Hərəkatı yenicə yaranan vaxtlarda, yanılmıramsa, ADP-nin qərargahında Qubad müəllimin gənclərlə görüşü keçirilirdi. Çox qələbəlik idi. Zalda gənclərlə yanaşı, orta nəsil, hətta yaşlılar da vardı. Mətbuatın da marağı böyük idi. Köhnə tanışlardan (1993-dən 2010-dək aktiv jurnalistika ilə məşğul olmuşam) bir neçəsi ilə görüşmüşdüm orda.

Əvvəlcədən deyim ki, çox möhtəşəm görüş oldu. Son vaxtlar bu “möhtəşəm” sözünü o qədər yersiz işlədiblər ki, söz öz möhtəşəmliyini itirib, adiləşib. Ancaq doğrudan da, zalda əvvəldən sona kimi auditoriyanı cazibəsində saxlayan sirli bir ab-hava vardı. Videoçəkiliş aparıldığını xatırlayıram, kaş ki, o görüntülər əldə olaydı, itib-batmayaydı.

Qubad müəllim gənclərlə xitabən gözəl bir nitq söylədi, geyimi də nitqi ilə uzlaşırdı, sadə (qeyri-rəsmi) və səliqəli geyinmişdi. Etiraf edim ki, giriş nitqndəki bəzi məqamlar mənim üçün yenilik oldu, çünki o vaxtadək qardaşımla, ancaq iqtisadi proseslərdən danışmışdıq, fikir mübadiləsi aparmışdıq, hansısa tədqiqatın nəticələrini müzakirə etmişdik, heç kənar mövzulara girməmişdik.

Çıxışın mənim üçün üstün məziyyətlərinə gələk. Qubad müəllimin nitqinin (gənclərə müraciətinin) qısa məzmunu belə idi:

Gənclər, işıqlı arzularla yaşamaqdan və böyük xəyallar qurmaqdan qətiyyən usanmayın, arzulayın, böyük-böyük xəyallar qurun və ən əsası inanın. İnanın ki, o böyük xəyallarınıza, o işıqlı arzularınıza çata biləsiniz. Hər işin başlanğıc nöqtəsi xəyal qurmaqdır, çox arzulasanz, o xəyallar mütləq bir gün reallığa çevriləcək. Çünki hər bir arzunun (xəyalın) nüvəsində onun reallaşmasına yetəcək güc də var, bu mənada arzu elə güc deməkdir.

Təxminən belə bir nitq idi, üstündən illər keçəndən sonra yaddaşımda qalanları yazdım...

Arzudan danışanda yəqin ki, çoxlarının yadına “Mənim arzum var” çıxışı ilə xatırlanan Martin Lüter Kinq düşür. Bəli, o. ABŞ-da qaradərililərin vətəndaş hüquqları uğrunda hərəkatın lideri, dinc mübarizə tərəfdarı və səmimi dindar.

Siz arzunun gözəlliyinə (obrazlılığına) baxın:

“Mənim arzum var ki, gün gələcək, bütün düzənliklər yüksələcək, bütün dağlar və dərələr yüksəkliyindən enəcək, qeyr-hamar yerlər dümdüz olacaq, çala-çökür yerlər düzənliyə çevriləcək və Allahın böyüklüyü qarşısında bütün ölümlülər buna əmin olacaqlar.”

Təbii ki, bunlar hamısı məcazdır, Martin obrazlı (xüsusi ilə dindən gələn əhvalatlara bağlı) danışmağı sevirdi, demək istəyirdi ki, bütün insanlar Allah qarşısında bərabər olduğu kimi qanun qarşısında da bərabərdir, eynu hüquqlara malikdir, kimsə kimdənsə üstün deyil.

“Mənim arzum var” gözəl bir çıxışdır, ancaq mənim üçün Martinin ölümündən bir gün öncə söyədiyi nitqi daha ibrətamizdir:

“Mən bilmirəm indi nə olacaq, qarşıda çətin günlər var, ancaq bunun mənim üçün heç bir mənası yoxdur. Çünki mən dağın zirvəsində oldum və ordan Müqəddəs Torpağı gördüm. Mən o Müqəddəs Torpaqda olmaya bilərəm, ancaq istəyirəm biləsiniz ki, biz xalq olaraq o Müqəddəs Torpağa gedib çatacağıq.”

Yeri gəlmişkən, Martinin bu çıxışı tarixdə “Mən dağın zirvəsində oldum” adı ilə qalıb.

“Müqəddəs Torpaq” (Земля Обетованная) ifadəsi “Bibliya”dan gəlir, xristianlıqda da var. “Bibliya”da müqəddəs torpaq deyəndə, Allahın Misir əsarətindən qurtulmaq istəyən yəhudi xalqına vəd etdiyi mübarək yer başa düşülür: elə bir geniş və gözəl bir yer ki, orada su yerinə süd və bal axır.

Martinə “süd və bal axan” müqəddəs torpaq əfsanəsi qaradərililərin hüquqlarına digərləri kimi hörmət edildiyi, ayrı-seçkiliyin olmadığı, bütün insanların insan yerinə qoyulduğu dünyanı xarakterizə etmək üçün lazım idi.

Məncə, Martin Lüter Kinq nə qədər dindar olsa belə, gələcəyi arzularının gözü ilə görürdü, din ona yalnız fikirlərini daha dolğun çatdırmaq üçün lazım idi.

Martini xalqına arzuladığı gələcəyi “dağın zirvəsindən” gördüyü günün səhərisi güllələdilər.

Çünki bütün qaranlıq cəmiyyətlərdə işıqlı insanlar arzularının qurbanına çevrilirlər!

Bu, tarixin acı həqiqətdir!

Ancaq o da bir tarixi həqiqətdir ki, xalqının işqılı sabahı üçün qurduğu arzularla (xəyallarla) yaşayan, mücadilə aparan, ömrünü bu müqəddəs işə sərf edən insanı həbsxanaya da atmaq olar, fiziki və mənəvi işgəncə də vermək olar, ən dəhşətlisi, hətta öldürmək də olar, böyük, işıqlı arzuları isə əsla, onlar reallaşanadək aktual olacaq və daha sonra ölməzlik qazanacaq - əbədiyyətə qovuşacaq.

İçində təkcə dünən yox, bu gün və sabah olan əbədiyyətə!

Galib Toghrul