Dünyanın 28 ölkəsini təmsil edən 100 universitet və elmi-təqdiqat mərkəzində çalışan 157 akademik, professor və tədqiqatçı COP29-un prezidenti Muxtar Babayevə məktubla müraciət edib. Məktubu imzalayanlar COP29-un prezidentini Bakıda başa çatmaqda olan tədbirdə professor Qubad İbadoğlunun azad edilməsi üçün vəkillik etməyə çağırıb. Müraciət Ədalət Naminə Maqnitski Fondunun təşkilatçılığı ilə baş tutub.
Məktubda yazılır:
“Hörmətli cənab Babayev
Biz, beynəlxalq akademik ictimaiyyətin üzvləri hazırda Azərbaycanda müddətsiz ev dustaqlığında olan görkəmli akademik, iqtisadçı, vətəndaş və ekoloji fəal professor Qubad İbadoğlu ilə bağlı Sizə məktub yazırıq. Biz sizi Dr. İbadoğlunun işinin dərhal azad edilməsini müdafiə etmək üçün COP29 Konfransının Prezidenti kimi fəaliyyət göstərməyə çağırırıq”.
Məktubu imzalayanların bir çoxu professor Qubad İbadoğlunun Azərbaycanın mədən sənayesində şəffaflıq və korrupsiyaya qarşı mübarizə ilə bağlı elmi işini yüksək qiymətləndirir və onunla birgə işləmək şərəfinə nail olduqlarını qeyd edirlər:
“Onun işinin xarakteri və iqlim sektorunda korrupsiya ilə mübarizə səyləri COP29 kimi iqlim konfranslarının məqsədlərinə uyğundur və bu, Azərbaycanın bu mühüm qlobal tədbirə ev sahibliyi etdiyi bir vaxtda onun həbsinin davam etməsi böyük narahatlıq yaradır. Xüsusilə də, professor İbadoğlunun səhhətinin pisləşməsi son dərəcə narahatedicidir. Biz bütün bunları insan hüquqlarının və akademik azadlıqların pozuntusu kimi qiymətləndiririk.
Odur ki, Beynəlxlaq Akademik Birlik Sizi aşağıdakılara çağırır:
1. Professor İbadoğluna qarşı bütün ittihamlar ədalətli və şəffaf şəkildə nəzərdən keçirilsin.
2. Professor İbadoğlu müxtəlif xəstəliklərin uzunmüddətli müalicəsi üçün kifayət qədər tibbi qayğı və dərman vasitələri ilə təmin edilsin.
3. Professor İbadoğlu dərhal və qeyd-şərtsiz azad edilsin.
Siz COP29-un prezidenti kimi Dr.İbadoğlunun azadlığına nail olmaq üçün iqlim və enerji sektorunda əsaslı dəyişiklik etmək istiqamətində nadir mövqeyə sahibsiniz. Biz bu təcili məsələdə müsbət addımların atılmasını gözləyirik.
Hörmətlə,
28 ölkədən 100 universitet və elmi-tədqiqat mərkəzini təmsil edən 157 akademik, professor və tədqiqatçı”
Məktubu imzalayanlar arasında dünyaca məşhur Harvard, Yale, Oxford, Kolumbiya, George Washington, London İqtisad Məktəbi (LSE), UCL, SOAS, Exeter, Duke, Şimali Karolina, Rutgers, Brown, Leeds, Leiden, George Mason, Cənubi Kaliforniya Universitetlərinin, King, Trinity, Amherst, Williams, Wellesley, New, Hunter, Wheaton kolleclərinin tanınmış professorları var.
Qeyd edim ki, məktubla bağlı beynəlxlaq (İndependent, Standard, EUobserver) və yerli (Turan) mətbuat yazılar dərc edib.