2022-ci il başa çatmaq üzrədir. Azərbaycanın yerləşdiyi coğrafiyada əhəmiyyətli hadisələr baş verir. İranda mövcud rejimə etirazlar davam edir, güneyli soydaşlarımız bu mübarizəyə “Azadlıq!”, Ədalət!”, “Milli hökumət!” şüarları ilə xüsusi rəng qatmaqdadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi 10 aydır ki, davam edir və nəinki regiona, həm də dünyaya ciddi təhlükələr törədir.

Ötən illərdə olduğu kimi yola saldığımız ildə də xalqın iqtidardan gözləntiləri özünü doğrultmadı. Belə ki, cari ildə neft-qaz gəlirlərinin kəskin artması hakimiyyəti daha da arxayınlaşdırdı, sosial-iqtisadi və siyasi islahatları həmişə olduğundan da çox arxa plana atdı, nəticədə 2022-ci ildə hakimiyyət nəinki islahatlar aparmadı, hətta bu yöndə atılan addımları və ictimai təşəbbüsləri də dəstəkləmədi.

Cari ildə müxtəlif səviyyələrdə idarəetmə və qərarların qəbulu mexanizmlərinin, faktiki olaraq, hakim ailənin inhisarında olmasının məntiqi davamı kimi, ailə biznesinin hökmran mövqeyinin həm bazarlar, həm də regionlar üzrə möhkəmlənməsini, həmçinin mövcud resusların və potensial güclərin bir ailədə cəmlənməsini sürətləndirdi. İlin inflyasiya təzyiqi altında keçməsi yaşam şərtlərinin pisləşməsinə, korrupsiyanın miqyasının böyüməsi, inhisarçılığın güclənməsi əhalinin daha da yoxsullaşmasına və dolanışığın çətinləşməsinə, beyin axınının, miqrasiyanın artmasına gətirib çıxardı.

İl ərzində Azərbaycan-Ermənistan arasında sülh danışıqları, sərhədlərin delimitasiyası, bölgədə nəqliyyat və kommunikasiya xətlərinin bərpası istiqamətində əhəmiyyətli nəticələr qeydə alınmadı. Rusiya bu istiqamətdə beynəlxalq təşəbbüsləri bloklayaraq, Avropa Birliyinin vasitəçiliyi ilə gedən müzakirələri dayandırmağa nail oldu. Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlarda tərəflər Azərbaycan və Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpası sahəsində razılığa gələ bilmədi. Qarabağın rus qoşunlarının nəzarətində olan ərazilərdə Azərbaycan dövlət orqanlarının fəaliyyət imkanları daha da məhdudlaşdırıldı, hətta onlara ekoloji monitorinq aparmağa belə imkan verilmədi.

Qarabağın işğaldan azad edilən ərazilərində aparılan tikinti-bərpa işlərinə cəlb olunmuş şirkətlərin hakim ailəyə və siyasi elitaya bağlılığı dominantlıq təşkil edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi şəffaf deyil, hesabatlılıq təmin edilmir, iri dövlət sifarişlərinin icrası əsasən tenderlərlə aparılmır, bir mənbədən satınalma metodları ilə həyata keçirilir, eləcə də keçirilən tenderlər açıq və rəqabətli təşkil olunmur. Bununla yanaşı Qarabağda tarixi yaşayış adlarının, toponimlərin ləvğ edilməsinə dair qərarlar yerli əhalinin iştirakı olmadan və rəyi nəzərə alınmadan qəbul edilir. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərin idarəçiliyi ilə bağlı hüquqi, iqtisadi və sosial tənzimləmələr hakim ailənın maraqları çərçivəsində aparılır.

“Media haqqında” Qanunun tətbiqi ilə yeni reyestrin yaradılması mexanizmi ilə bəzi mətbuat orqanlarının qeydiyyatından imtina edilməsinə antidemokratik hüquqi əsaslar yaradıldı, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində söz və mətbuat azadlığı daha da məhdudlaşdırıldı. İl ərzində KİM TV internet televiziyasının aparıcısı Abid Qafarov azadlıqdan məhrum edildi, Xural TV internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçildi. Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barəsində yenidən cinayət işləri açılaraq sifarişli məhkəmələr vasitəsilə Əli Əliyevin həbs müddəti 3 il 6 ayadək uzadıldı, dəfələrlə hədələrə məruz qalan və "oğurlanan" ictimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qətimkan təbdiri seçildi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə xüsusi ittihamla cinayət işi açıldı.

“Tərtər işi” üzrə Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə, qətlə yetirilən ən azı 13 şəxsə bəraət verilməsi, 405 şəxsin zərərçəkmiş qismində tanınmasına baxmayaraq, hələ də bu cinayətə rəhbərlik etmiş və ya iştirakçı olmuş rəhbər vəzifəli heç bir şəxs istintaqa cəlb olunmayıb, əksinə "Tərtər cinayətləri"nin açılmasında müstəsna xidməti olan hüquqşünas İlham Aslanoğlu həbs edilib.

Gerçək siyasi qüvvələrin, müstəqil ekspertlərin və beynəlxalq təşkilatların çoxsaylı etirazlarına baxmayaraq, Azərbaycanda siyasi azadlıqların boğulmasına, siyasət məkanının daralmasına, siyasi mühitin məhdudlaşdırılmasına, siyasi partiyalara hakimiyyət nəzarətinin sərtləşdirilməsinə və gerçək siyasi partiyaların ləğvinə hesablanan “Siyasi partiyalar haqqında” mürtəce qanun Milli Məclis tərəfindən qəbul edildi. İl ərzində siyasi partiyaların təşəbbüsü ilə keçirilən etiraz aksiyalarının heç birinə icazə verilmədi, bununla da hakimiyyət aksiyalara iştiraka cəhd edənlərə təzyiq göstərdi, onları saxlayaraq, aksiya yerindən uzaqlaşdırdı, bəzilərini həbs etdi və beləliklə əhalinin sərbəst toplaşma hüququna imkan verilmədi.

ADR Partiyası dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə 4 dəfə müraciət etməsinə baxmayaraq hər dəfə təqdim olunmuş sənədlər müxtəlif bəhanələrlə geri qaytarıldı.

ADR Partiyası Türkiyə - Azərbaycan dövlətlərarası siyasi-iqtisadi əlaqələrin daha da gücləndirilməsini, İranda demokratiya uğrunda mübarizəyə dəstəyi vacib hesab edir.

ADR Partiyası bütün bunları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bildirir ki, yola saldığımız 2022-ci ildə hakimiyyətin irticası daha da güclənmiş, korrupsiyanın miqyasları və həcmi böyümüş, işğaldan azad edilmiş sahələrdə biznes imkanları siyasi elitanın nəzarətində olan inhisarçılar arasında bölüşdürülmüş, məhkəmələr ali icra hakimiyyətindən daha çox asılı duruma düşmüş, əhaliyə konstitutsiya ilə verilmiş hüquqların pozulması halları artmışdır.

ADR Partiyası hesab edir ki, islahat aparmaq üçün siyasi iradəyə və qabiliyyətə malik olmayan hazırkı hakimiyyət ölkəni fəlakətə aparır, iqtisadiyyatı böhrana sürükləyir, azadlıqları və vətəndaşların siyasi fəaliyyət dairəsini məhdudlaşdırmaqla avtoritar idarəçiliyi və korrupsiyanı gücləndirir.

ADR Partiyası hakimiyyətdən “Tərtər işi”nin sifarişçilərini, bu işin araşdırılmasında istintaq altında olanlara qarşı insanlığa sığmayan üsullardan istifadə edərək işgəncə verənləri, saxta ittihamlarla əsgər və zabitlərimiz haqqinda cinayət işi qaldıranları və onlar haqqında hökm oxuyanları cəzalandırmağı, siyasi məhbusları azad etməyi, “Media haqqında” və “Siyasi partiyalar haqqında” mürtəce qanunların tətbiqini dayandırmağı, aztəminatlı əhalinin gəlirlərini artırmaq üçün pensiya və müavinətləri artırmağı, əhalinin xərclərini azaltmaq üçün qaz satışında tətbiq edilən limiti ləğv etməyi, inflyasiyaya, korrupsiyaya və inhisarçılığa qarşı mübarizəyə başlamağı, bütün sahələrdə rəqabəti dəstəkləməyi, şəffaflığa və hesabatlığa əməl etməyi tələb edir.

Bakı şəhəri.

18 dekabr 2022 ci il.