Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası bildirir ki, 6 iyun 2023-cü il tarixində səhər saatlarından etibarən partiyanın fəallarından olan Ziyafət Abbasova ilə əlaqələr telefonunun söndürülməsi səbəbiylə kəsilmişdir. Bir sutkadan artıq araşdırmalardan sonra məlum olmuşdur ki, Ziyafət xanım yaşadığı sığınacağın rəhbərliyinin müraciəti əsasında öz iradəsinə zidd olaraq sığınacaqdan ruhi dispanserə köçürülmüşdür. Halbuki Ziyafət xanımı tanıyanların hamısı onun psixoloji durumunun tam normal olduğunu bilirlər. Ziyafət xanıma qarşı rejimin bu addımının onun kütləvi, mədəni tədbirlərdə fəal iştirakı, eyni zamanda sosial şəbəkələrdəki ardıcıl, tənqidi və sərt çıxışları ilə bağlılığına heç bir şübhə yeri qoymadığını qeyd edir və bunu hakimiyyətin öz opponentlərinə qarşı növbəti repressiyası kimi dəyərləndiririk. ADR Partiyası olaraq bildiririk ki, Ziyafət Abbasovanın tək günahı mövcud iqtidarın qanunsuzluqlarını tənqid etməsidir. Hakimiyyətin öz tənqidçilərinə tolerant yanaşma qabiliyyətinin olmaması, avtoritar düşüncənin yaratdığı dözümsüzlüyü, real sosial, hüquqi və demokratik azadlıqlara kor olması, həqiqəti ifadə edən şəxsləri, hətta psixoloji dispanserə saldıracaq qədər qəddar qərarların qəbuluna əl atmasına yol açır.

Haqqında sərt və amansız qərar alınmış Ziyafət xanımın irsi qan xəstəsi olduğunu rejim rəhbərliyinin diqqətinə çatdıraraq onun daim ciddi müalicəyə ehtiyacı olduğunu qeyd edir və son iki gündə ona qarşı tətbiq olunmuş qanunsuzluğun və zorakılığın onun səhhətində yarada biləcəyi problemlərin məsuliyyətinin şəxsən İlham Əliyevin üzərində qalacağını bildiririk.

Aldığımız məlumata əsasən bildiririk ki, Ziyafət xanım saxlanıldığı vaxt ona qarşı tətbiq olunan zorakılığın təsirindən aldığı mənəvi, psixoloji zərbələrə rəğmən səhhətində ciddi problemlərin yaranması səbəbiylə bu gün gecə saatlarında 3 saylı Sabunçu rayon xəstəxanasına köçürülmüşdür. Vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq yerli polis bölməsinin onun haqqında indiyə kimi aldığı qərarların hüquqi bazasını yaratmaq istiqamətində qurama istintaq hərəkətlərinə baş vurması haqda məlumatlar vardır.

ADR Partiyası olaraq Əliyev hakimiyyətindən insan qatili olmamasını, psixoloji durumu tam normal olan, vicdanlı vətəndaş və dəyərli üzvümüz Ziyafət Abbasovanın təqibinin dərhal dayandırılmasını, onunla bağlı başladığı saxta və əsassız oyunlara son verməsini tələb edirik.