İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədənindən sianid tərkibli suların süni yaradılmış gölə axıdılması nəticəsində ekoloji vəziyyətin pisləşməsinə, təbiətə ziyan vurulmasına və bunun nəticəsi olaraq ətraf mühitin çirklənməsinə etiraz edən kənd sakinlərinə qarşı polis zorakılığı tətbiq edilmişdir.

Çağdaş tariximizdə, özəlliklə milli-mənəvi dəyərlərə bağlı cəmiyyətimizdə Azərbaycan anasına qarşı polisin aşkar vəhşiliyinə şahid olmuşuq. Yaşlı qadınlara qarşı bibər qazından, rezin dəyənəkdən istifadə edilməsi ölkənin hüquq mühafizə sistemindəki mövcud vəziyyəti və dolayısı ilə siyası rejimin mahiyyətini ifadə edir. Baş vermiş rəzalətdə rayon İH başçısının əhalini günahkar sayması isə, məsələnin hakimiyyətin üst qatlarından qaynaqlanmasının təzahürüdür.

ADR Partiyası olaraq baş verənləri qətiyyətlə pisləyir, Vətənimizin dilbər guşəsi olan Gədəbəydə, Söyüdlü kəndində təbiətin sianid turşusu ilə zəhərlənməsinin dərhal dayandırlmasını, əhaliyə qarşı vandal hərəkətlərə yol vermiş polislərin cəzalandırılmasını, kəndin blokadan çıxarılmasını, cərimə və inzibati həbsə məruz qalan kənd sakinlərinin azad edilməsini hakimiyyətdən tələb edirik.