Mövcud hakimiyyət öz ənənələrinə sadiq qalaraq siyasi rəqiblərinə qarşı qanuna zidd əməllərini davam etdirmək yolu tutaraq iyul ayının 23-də ADR sədri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi, professor, iqtisadçı alim, tanınmış ziyalı Qubad İbadoğluya qarşı zorakılıq aktı törətməklə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs etdirmişdir.
Bu sifarişli həbsin Qubad İbadoğlunun birbaşa siyasi fəaliyyəti ilə bağlı olduğu heç kəsə sirr deyildir. Onun siyasi fəaliyyətindəki ardıcıllıq və prinsipiallıq, o cümlədən, Azərbaycan ictimaiyyəti içərisində hər gün artan nüfuzu siyasi hakimiyyətin onu ciddi rəqib qismində “təhlükə” mənbəyi kimi görməsi həbsi reallaşdıran səbəblərdəndir. Qubad İbadoğlunun şərlənərək həbs edilməsi sivil dünyanın Rusiya imperializmi ilə açıq və sərt mübarizəyə başının qarışdığı bir zamanda baş verməsi, onun ölkədə hüququn, demokratik dəyərlərin, insan haqq və azadlıqlarının təmin olunması, demokratik islahatların tətbiqi istiqamətində xalqa mütəmadi çağırışları, deyilənlərlə əlaqədar hakimiyyət qarşısında ardıcıl tələblər irəli sürməsi rejimi ciddi şəkildə narahat etməsindən qaynaqlanır.
ADR təşkilatının Siyasi Partiyalar Haqqında, Media Azadlığı Haqqında qəbul edilən yeni mürtəce qanunlara verdiyi sərt reaksiyalar da Qubad bəyin həbsini sürətləndirən səbəblərdən hesab edilməlidir.
ADR İH hesab edir ki, Qubad İbadoğlunun mövcud siyasi sistemin korrupsiya fəaliyyətinin ifşası, SOCAR-ın və digər dövlət şirkətlərinin talançılığı, rejimin iqtisadi meqa layihələrdə qaranlıq tender siyasəti, büdcə oğurluqları, hakim ailəyə yaxın holdinq və şirkətlərin qanunsuz şəkildə böyümə faktlarını, Qarabağın işgaldan azad edilmiş bölgələrində aparılan tikinti işlərində hakim ailəyə yaxın şirkətlərin dominantlıq etməsi, ölkə miqyasında rejim sahiblərinə aid aqroparkların yaradılması və onlara özəl imtiyazların verilməsi, neft gəlirləri üzərində ictimai nəzarət mexanızminin olmaması, haqsız rəqabət fonunda sürətlə böyüyən, hakim ailəyə aid şirkətlərin gəlirlərinin açıqlanmaması, iqtisadi islahatların aparılmaması, sosial pensiyaların, eləcə də əllilik dərəcələrinin verilməsi ilə bağlı baş verən qanunsuzluqlar, ölkəyə idxal olunan mallar üzərində rüsumların qaldırılması, təhsil və səhiyyə sektorunda cəmiyyət üçün rezonans doğuracaq qanun pozuntularının aşkarlanması, Qarabağ bölgəsində ağllı kənd mexanizmini əsas gətirərək qədim yaşayış məskənlərinin ləğv edilməsi və ya diğər inzibati ərazi vahidləri ilə birləşdirilməsi, tarixi yaşayış adlarının dəyişdirilməsi və ya ləğv edilməsi, siyasi dairələrdə Azərbaycan hakimiyyətinin əsaslı şəkildə tənqid edilməsi, iqtisadiyyatın, maliyyə gəlirlərinin, büdcə siyasətinin statistik araşdırmalarla tənqid edilməsi, xarici ölkələrlə olan mal-əmtəə dövriyyəsində ortaya çıxan korrupsiya faktlarını tam çılpaqlığı ilə ictimaiyyətə çatdırılması, ordumuza qarşı törədilmiş Tərtər qətliamına diqqətsiz qalan, sonrakı dönəmlərdə qətliamın sifarişçilərinin cəzalandırılmasında cəsarətsizlik göstərən İlham Əliyevin ali baş komandan kimi sorumlu tutulması istiqamətdəki intensiv fəaliyyəti ADR sədri Qubad İbadoğlunun qanunsuz həbsini sürətləndirən şərtlər hesab edilməlidir.
Qubad İbadoğlunun Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri ilə yanaşı idxal-ixrac sahəsindəki cinayət tərkibli maliyyə fırıldaqçılıqlarını “Güzgü statistikası” ilə ifşa edən ciddi faktları ortaya çıxarması onu siyasi rejim üçün qəbuledilməz şəxslər siyahısına saldırmışdı.
ADR İH hesab edir ki, Qubad İbadoğlunun qanunsuz həbsini şərtləndirən faktorlardan biri də Ukrayna-Rusiya müharibəsində Rusiya istilasından əziyyət çəkən bir xalqın nümayəndəsi olaraq azad dünyanın Rusiyaya qarşı mövqeyini ardıcıl olaraq müdafiə etməsi, rəhbərlik etdiyi təşkilatın Ukrayna xalqı ilə həmrəylik ifadə edərək Rusiya səfirliyi önündə "Ukraynadan əlini çək" tələbilə ardıcıl olaraq siyasi aksiyalar keçirməsi və ədalətli müharibə aparan Ukraynaya dəstək olan Qərb dünyası ilə bu məsələdə eyni platformada dayanmasıdır.
ADR İdarə Heyəti Qubad İbadoğlunun siyasi motivlərlə şərlənərək həbs edilməsini qisasçılıq aktı kimi dəyərləndirməklə yanaşı, həm də bu həbsin ölkəmizin sabahı üçün çox ciddi siyasi, ideoloji mahiyyət daşıdığı qənaətindədir və bunun yalnız Rusiya imperiyasının ölkəmizdə mövqelərinin möhkəmləndirilməsinə insan haqq və hüquqlarının, demokratik dəyərlərin ayaqlar altına atılması acısından Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqları getdiyi belə bir həssas dönəmdə ermənilərin maraqlarına xidmət etdiyini bildirir.
ADR İdarə Heyəti bütün yuxarıda qeyd edilənləri və Londonda rəsmi qeydiyyata alınan Azərbaycan Gənclərinin Təhsil Fondunun Azərbaycanda gənclər siyasətinə əhəmiyyətli dərəcədə əks təsiri ehtimalının reallığı rejimə ADR sədrini cəmiyyətdən təcrid etməkdən başqa yol buraxmadığından onu şərləyərək həbs etdirdiyini bütün dünya ölkələrinin diqqətinə çatdırır, onun həbsi haqqında çıxarılmış sifarişli məhkəmə qərarlarının mötəbərliyinə böyük şübhə etdiyini.. bəyan etməklə yanaşı Əliyev rejimindən professor Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edir!